Məşhur fastfud markası olan “Burger King” Türkiyə filialında adını dəyişərək “Börgır” edib. Şirkətin bu addımı çoxsaylı boykotlardan sonra nüfuzunu bərpa etmək üçün atdığı bildirilir. Bundan sonra ölkədəki digər xarici markaların da adının türk dilində tələffüz olunduğu kimi yazılması üçün kampaniya başladılıb. Eyni dəyişiklik Azərbaycanda fəaliyyət göstərən xarici markalar üçün də keçərli ola bilərmi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor İsmayıl Kazımovun deyib ki, markanın adı orijinalda olduğu kimi yazılmalı və uyğun tələffüz edilməlidir:
“Çünki dil tələffüzü çətin olan sözləri qəbul etmir. Məsələn, Feysbuk və İnstaqram tipli söz və terminlərin lüğətlərdə əks olunmasının müəyyən prinsipləri var. Xüsusən də, orfoqrafiya və orfoepiya lüğətləri nəzərdə tutulur. Amma bu prinsiplərə düzgün əməl olunmur. Ona görə ki, bu terminlər nisbətən yenidir, onların imlası və səslənməsi mübahisəlidir”.
“Grammar Azi”nin səhifəsinin təsisçisi Murad Hüseynov isə deyib ki, brend adı yalnız bir halda dəyişə bilər:
“Qanunvericilikdə müvafiq tələb olsa, tətbiq edilə bilər. Bildiyimə görə, belə bir tələb yoxdur”.
Zaira Akifqızı
Globalinfo.az














