“Bu il fevralın 1-i üçün olan məlumata görə, muzdla çalışan işçilərin sayı 1 milyon 757 min nəfər olub. Onlardan 879,5 min nəfəri dövlət sektorunda, 877,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstəriblər”.
Globalinfo.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
O qeyd edib ki, bu il yanvarın 1-nə nisbətən fevralın 1-də əmək müqaviləsi ilə çalışanların sayı 21 min 500 nəfər azalıb:
“Məşğulluq sferası ilin ilk ayına 1 milyon 778 min 500 əmək müqavilələri ilə daxil olub. Özəl sektorda müqavilələrin sayında azalma çox olub: 18 min 200 nəfər. Dövlət Statistika Komitəsi 1 aylıq müqayisədə dövlət sektorunda əmək müqaviləsi ilə çalışanların sayında 3 min 300 nəfər azalma bəyan edib. Aydındır ki, əmək müqavilələrin sayı məşğulluğun rəsmiləşdirilməsi və daha çox iş yerlərinin yaradılması baxımdan vacibdir. Dövlət sektorunda əmək müqavilələrinin sayının azalması struktur islahatları ilə bağlı olsa da, özəl sektordakı tendensiya daha çox mikro sahibkarların yaratdığı iş yerlərinin bağlanması ilə əlaqəlidir”.
Deputat bildirib ki, bu il yanvarın 1-dən etibarən mikro sahibkarlıq fəaliyyəti ilə məşğul olan illik dövriyyəsi 45 min manatdan çox olmayanlar vergi güzəştlərindən faydalanırlar:
“Həmin sahibkarların gəlirlərinə artıq 75 faiz güzəşt tətbiq olunmağa başlanılıb. 2024-cü ildə isə güzəşti əldə etmək üçün ən azı 3 işçiyə malik olmaq tələbi var idi. Yeni ildən tələb götürüldüyü üçün güman edilir ki, bu, özəl sektorda əmək müqavilələrinin sayının azalmasına səbəb olub. Digər tərəfdən əmək müqaviləsi ilə çalışanlar arasında dövlət sektoru yenə üstünlük təşkil edir. Məşğulluqda özəl sektorun payının artırılması daha prioritet olmalıdır. Bu sektorun məşğulluğun təminatında və yeni iş yerlərinin yaradılmasında drayverə çevrilməsi olduqca vacibdir”.
Zaira Akifqızı
Globalinfo.az














