Bu hökm həm də İnam Kərimova çıxarılıb

 

Mediada “Nərmin işi” kimi təqdim olunan məlum proses ciddi ictimai diqqət çəkib. 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilərək 18 il müddətinə həbs cəzasına məhkum edilən İlkin Süleymanov barəsində məhkəmənin bu həftə çıxardığı hökm birmənalı qarşılanmadı. Əksəriyyət deyir ki, bu qərar ədalətsizdir.

İstintaq İlkin Süleymanovun Nərmini öldürməsinə lap əvvəldən ictimai inamı təmin edə bilmədi. Burada medianın da rolunu danmaq olmaz. Vicdanlı, peşəkar jurnalistlər ilk gündən bu işi təqib etdilər. Ardıcıl məhkəmə reportajları ilə bu prosesə cəmiyyətin diqqətini cəlb etmək mümkün oldu.

Məhkəmədən sonra Globalinfo.az İ.Süleymanovun vəkillərindən açıqlama alıb. Vəkili Zabil Qəhrəmanov görün nə deyib:

“Hər kəs kimi mən də təəccüblənirəm ki, necə oldu axı ortada İlkin Süleymanovun günahsız olduğuna dair bu qədər dəlillər olduğu halda, hakim belə bir qərar qəbul etdi?!”

O bildirib ki, qarşı tərəfdən önə çıxarılan sübutlar İ.Süleymanovun həbs olunmasına əsas vermir:

“Ortaya üç “sübut” qoyublar, üçü də əsassız. Birinin ağzı “şimal”a, digəri “cənub”a, o biri də “şərq”ə baxır. Belə sübut olmaz axı! Bu həbsin səbəbini sizə deyim?! Ayın 8-i ölkə başçısı tərəfindən tapşırıq verildi ki, məsələ 3 günə üzə çıxsın. Vəssalam da! Həmin vaxt da tapdılar ki, guya qatil İlkindi. İndi qorxularından geri çəkilə bilmirlər! Axı prezident onlara əsl qatilin tapılmasını tapşırmışdı. Prezident demədi ki, get camaatı döy, şər at. Dedi, get, normal istintaq apar, cinayətin üstünü aç və əsl cinayətkarı tap!”

Vəkil deyib ki, öncə Apelyasiya Məhkəməsinə, sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklər:

“Bəs nə etməliyik?! Durub bunların qanunsuz qərarlarının qarşısında diz çökəcəyik?! Onlar özləri qanun qarşısında diz çökəcəklər!”

İnam Kərimov Ali Məhkəmənin sədri təyin ediləndə əsas fikir bu idi ki, məhkəmə hüquq sistemində ciddi islahatlar başlayacaq. İ.Kərimov personası islahat anlayışını assosiasiya edir. O, Azərbaycanın ən uğurlu layihəsi olan ASAN Xidmətin ilk rəhbəri olub. ASAN Xidmət fəlsəfəsi inqilabi yenilik idi. Bu, Prezident İlham Əliyevin ölkə və millət qarşısında ən böyük xidmətlərindəndir. Ölkə başçısı bu sistemi yaratmaqla və tətbiq etməklə vətəndaşı rüşvətin, korrupsiyanın, süründürməçiliyin girdabından qurtardı. İşıqlı və uğurlu layihənin başına isə gənc, adı heç bir iqtisadi maxinasiyalarda hallanmayan, reputasiyası təmiz olan, rüşvət çirkabına bulaşmayan, yüksək təhsil görmüş İnam Kərimov gətirildi. O, rəhbər olduğu müddətdə ASAN Xidmət böyüdü, özünü təsdiqlədi, insanlara təkcə fiziki rahatlıq vermədi, həm də fikirləri aydınlatdı. Zehinləri təmizlədi. Vətəndaşlar ölkələrində rüşvətsiz, tapşırıqsız bu cür prosedurların icra edilməsini əyani şəkildə gördülər.

İnam Kərimov 2018-ci ilin aprel ayında kənd təsərrüfatı naziri təyin edildi. Bu sahədə də özünü təsdiqlədi. Onun 6 il boyunca apardığı islahatlar uzun illərdir korrupsiya çirkabında boğulmaqda olan kənd təsərrüfatı sahəsini xeyli təmizlədi, dirçəltdi. Korrupsiya və rüşvət bataqlığından çıxardı.

Ramiz Rzayevdən sonra Ali Məhkəməyə müsbət imici, təmiz reputasiyası olan şəxsi təyin etmək uğurlu gediş idi. Bununla Prezident İlham Əliyev məhkəmə hüquq sistemində islahatların başladığını bildirmiş oldu.

Təəssüf ki, İnam Kərimovun Ali Məhkəmə sədri kimi fəaliyyətə başlamasının iki ayı tamam olan ərəfədə ona pis bir sürpriz etdilər. Vətəndaşın inamının sarsılması qədər arzuolunmaz heç nə yoxdur. Bu, böyük miqyasda bir boşluq yaradır. Buna bir örnək verək. Birinci Qarabağ müharibəsində məğlubiyyət səbəbimiz inamsızlıq idi. Dövlətə, orduya, liderə inam olmadı, ona görə də xalq düşmənlə təkbətək və əliyalın qaldı. Nəticədə Azərbaycan məğlub oldu.

İkinci Qarabağ müharibəsində isə dövlətə, orduya, liderə tam inam vardı deyə, bu cür böyük qələbə qazana bildik.

İnanaq ki, dövlət və onun əsas qollarından olan məhkəmə sistemi “Nərmin işi” ilə bağlı prosesə yenidən baxmağı təmin edəcək. Demirik ki, İlkin Süleymanov dərhal azadlığa buraxılmalıdır, barəsindəki hökm dəyişdirilməlidir. Hüququn və ictimaiyyətin tələbi budur ki, iş yenidən araşdırılsın. Çünki ortada ciddi dəlillər, sübutlar, arqumentlər və şübhələr var. Bunları görməzdən gəlmək doğru olmaz.

Məşhur aforizmdə deyildiyi kimi, dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə…

Azər Ayxan
Globalinfo.az