“Əziz Şuşa” yarışının ilk mərhələsinin qalibi müəyyənləşdi – YENİLƏNİB

 

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ilk mərhələsinin qalibi müəyyənləşib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, turnirin birinci gününün qalibi Bolqarıstan millisinin üzvü Martin Papanov olub.

O, Bakının Səbail rayonundakı Veloparkdan 150 km məsafə qət edərək Şamaxıdakı finiş xəttinə hamıdan tez çatıb.

İtaliyalı velosipedçi Ansalone Emanuele ikinci, rumıniyalı Sergey Tveçkov isə üçüncü yeri tutub.

Yarışın ardından qaliblər fəxri kürsüyə çıxaraq mükafatlandırılıblar. Onlara medallarını Şamaxı icra başçısı Tahir Məmmədov təqdim edib.

Yarışın ikinci mərhələsi iyunun 8-də olacaq. Velosipedçilər Qəbələ – Şəki – Qəbələ marşrutu üzrə 176,2 km məsafə qət edəcəklər.

Qeyd edək ki, 11-dək davam edəcək “Əziz Şuşa” beynəlxalq velosiped yarışında dünyanın 14 ölkəsindən 16 komandanın heyətində 100-dən çox velosipedçi mübarizə aparır. Turnir Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı verəcək.

***10:13

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının açılış mərasimi keçirilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Veloparkda baş tutan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev, federasiyanın vitse-prezidentləri, həmçinin, idmançılar iştirak ediblər.

İlk olaraq çıxış edən Fərid Qayıbov iştirakçılara uğurlar arzulayıb, qonaqları Bakıda qəbul etməkdən məmnunluq duyduqlarını bildirib: “Artıq ikinci dəfədir ki, işğaldan azad olunan Şuşada bu yarış keçiriləcək. Yarışın uğurlu alınacağına inanıram”.

Daha sonra qısa nitq söyləyən Mədət Quliyev də iştirakçıları salamlayıb, hər birinə uğurlar arzulayıb.

Ardından komandaların təqdimat mərasimi gerçəkləşib.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı 5 mərhələli turnirə bu gün Veloparkda start veriləcək. İlk mərhələdə velosipedçilər 150 km məsafə qət edərək Şamaxı rayonunda finiş xəttini keçəcəklər və günün qalibləri mükafatlandırılacaqlar.

Qeyd edək ki, iyunun 11-dək davam edəcək turnirdə dünyanın 14 ölkəsindən 16 komandanın heyətində 100-dən çox velosipedçi mübarizə aparacaq. Yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı verəcək.

***08:58

Azərbaycan Velosiped Federasiyasının (AVF) Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı bu gün başlayacaq.

Globalinfo.az bildirir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı 5 mərhələli turnirə Veloparkda start veriləcək.

İlk mərhələdə velosipedçilər 150 km məsafə qət edərək Şamaxı rayonunda finiş xəttini keçəcəklər və günün qalibi mükafatlandırılacaq.

Qeyd edək ki, iyunun 11-dək davam edəcək turnirdə dünyanın 14 ölkəsindən 16 komandanın heyətində 100-dən çox velosipedçi mübarizə aparacaq. Yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı verəcək.