Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Globalinfo.az bildirilib ki, artıq 15 ildir peşə bayramını qeyd edən avtomobil yolları işçiləri ölkəmizdə gedən sosial-iqtisadi inkişafa dəstək olmaqla Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar. İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun müasir standartlara cavab verərək yenidən qurulmasıdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularının, həmçinin Bakı şəhərində yerləşən avtomobil yollarının, prospektlərin və küçələrin vəziyyətinə nəzarətin həyata keçirilməsi, qorunub-saxlanılması, layihələndirilməsi, tikilməsi, cari, orta və əsaslı təmiri və bərpa edilməsi işlərinin aparılmasını həyata keçirir.

Agentliyin balansında 1532 ədəd körpü, ümumi istifadədə olan 17 min 755 kilometr uzunluqda avtomobil yolu var ki, bunun da 4 min 538 kilometri respublika əhəmiyyətli, 13 min 217 kilometri isə yerli əhəmiyyətli avtomobil yollarından ibarətdir.