Bu diaqnoz qoyulan 100 xəstədən yalnız 5-i sağ qala bilir – ARAŞDIRMA

Rusiyalı həkimlər bədxassəli beyin şişindən əziyyət çəkən bir xəstəni sağaltmaqla ilkə imza atıblar. 

Globalinfo.az xəbər verir ki, rusiyalı bir xəstə müalicə prosesi zamanı ən aqressiv beyin şişinə qalib gəlməyi bacarıb.

Bu barədə Rusiya Novosibirsk Milli Tibbi Araşdırmalar Mərkəzi məlumat yayıb. Məlumata görə, aktiv həyat tərzi sürən və idmanla məşğul olan Kemerovo sakini 2018-ci ildə beyin şişi xəstəliyinə düçar olduğunu öyrənib. Ona bədxassəli beyin şişi olan qlioblastoma diaqnozu qoyulub. Hansı ki, bu şiş sürətli diffuz böyüməsi və sağlam beyin toxumasına dərin nüfuz etməsi ilə xarakterizə olunur.

Bu şişin kiçik olmasından və harada yerləşməsindən asılı olmayaraq qlioblastomanı kökündən çıxarmaq demək olar ki, mümkün deyil. Bütün dünyada qlioblastomanın müalicəsi üçün yalnız bir protokol istifadə olunur. Şiş həcmini kimyaterapiya ilə kiçiltmək və radiasiya terapiyası etmək əsas müalicə üsulu sayılır.

Novosibirsk Milli Tibbi Araşdırmalar Mərkəzinin məlumatına görə, xəstəyə 2018-ci ildən kimyaterapiya kursu keçilib. Hərçənd xəstədə ağır pansitopeniya (bütün növ qan hüceyrələrinin kəskin azalması) və ikitərəfli pnevmoniya kimi digər yanaşı xəstəliklər də mövcud olub. Buna baxmayaraq aparılan müalicə nəticəsində xəstənin vəziyyəti stabilləşib  və bir il ərzində qan göstəriciləri normallaşıb. Beləliklə 5 ildən sonra beyin şişindən əziyyət çəkən rusiyalı qadın sağalıb. Həkimlər bildiriblər ki, bu cür diaqnoz qoyulan 100 xəstədən yalnız 5-i sağ qala bilir.

Mərkəzin radioterapiya şöbəsinin müdiri Yelena Samoylova bildirib ki, həmin xəstə bu gün həyatını yaşayır və özünü tamamilə sağlam hiss edir. Artıq onun beynində yeni şiş ocaqları aşkar edilməyib.

Əliyar Xəlil,

Globalinfo.az