Əliyevə gələn kritik zəng – “İki cəbhəni ələ almaq mümkün olmadı”

“Avropa İttifaqında Azərbaycan-Ermənistan gündəliyinə münasibətdə bir-birinə əks qütbdə dayanan iki cəbhənin olduğu aşkar görünür”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Aqşin Kərimov Azərbaycanın Brüssel formatına qayıtması ehtimallarını dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Bakı-İrəvan münasibətlərinin normallaşmasında konstruktiv və bitərəf cəbhənin təmsilçisi kimi gözə çarpır:

“Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell isə Azərbaycana qarşı cəbhənin nümayəndəsidir.

Bu iki cəbhəni bir əldə cəmləşdirmək istəyən Fransadır, lakin görünən budur ki, cənab Mişeli tam gücü ilə ələ almaq mümkün olmayıb.

Mişelin bu yaxınlarda Prezident İlham Əliyevə zəngi və Əliyevin Mişelin vasitəçiliyi ilə növbəti mümkün görüşün baş tuta biləcəyinə işarə etməsi belə deməyə əsas verir.

14 may 2023-ci il, Brüsseldə İlham Əliyevin Şarl Mişellə görüşü

Ancaq bu telefon danışığından sonra Borrell Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla “iddialı tərəfdaşlıq gündəliyi”ni müzakirə edərək İrəvana xoş gələn növbəti ifadələrin müəllifi qismində danışdı.

Bununla belə, hesab edirəm ki, Azərbaycan Avropa İttifaqının ali nümayəndəsi və Fransanın proseslərə yön vermək cəhdlərinə baxmayaraq, Brüssel formatında görüşə nail olmağı səhv addım saymır, ancaq əsas şərt budur – Fransa danışıqlarda iştirak edə bilməz”.

Ekspert deyib ki, Brüssel formatı Azərbaycan-Ermənistan münasibətlərini bütün ölçülərdə tənzimləmək və onu gücləndirmək yollarının cəmləşdiyi alternativ deyil:

“Bu boşluq Rusiyaya şərait yaradır ki, Bakı-İrəvan gündəliyini Qərb platformasından yayındırsın və Moskvamərkəzli danışıqların təşkilatçısına çevrilsin.

Amma Azərbaycan konkret olaraq Brüssel, Vaşinqton və ya Moskvada mənzillənən danışıqlara deyil, daha çox öz maraqlarının təmin olunacağı platformaların sülh üçün daha yaxşı olacağı siqnallarını verir. Bu o deməkdir ki, hər üç oyunçu üstün geosiyasi rıçaqlara malik olan Azərbaycanın maraqlarının öndə tutulması üçün alternativlər hazırlamalıdır”.

Turan Rzayev
Globalinfo.az