Brüssel görüşü öncəsi Fidan Lavrovla bu haqda danışdı

“Türkiyə xarici işlər naziri Hakan Fidanın Brüsseldə keçirilən NATO ölkələri xarici işlər nazirlərinin toplantısına qatılması Rusiyada da diqqətlə izlənilir. Fidanın səfər öncəsi rusiyalı həmkarı Lavrovla telefon danışığı bu baxımdan təsadüfi deyil”. 

Bunu Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

O bildirib ki, Türkiyə öz maraqları çərçivəsindən çıxış edir və bunu həm ABŞ, həm Rusiya, həm də Avropa İttifaqının maraqlarına heç bir halda güzəştə getmək niyyətində deyil:

“Türkiyənin gündəliyində olan əsas məsələ terror təşkilatları ilə bağlıdır. İraq və Suriyada ABŞ-ın Türkiyəyə qarşı olan terror qruplarına verdiyi dəstək Türkiyənin müzakirəyə ehtiyac duyduğu prioritet mövzudur. Bundan başqa Qara dənizdə təhlükəsizliyin təmin olunması da Türkiyə üçün vacib mövzulardandır.

Rusiya-Ukrayna müharibəsi, İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsi və digər problemlər Türkiyənin gündəliyində olsa da bu Ankara üçün ikinci dərəcəli məsələlərdir. Fidanın həmkarları ilə keçirəcəyi çoxsaylı ikili görüşlərdə də terror təhdidi ilk sırada dayanır”.

Turan Rzayev

Globalinfo.az