Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüssel görüşü baş tutmayıb. Avropa İttifaqı bu görüşün təşkilinə ciddi hazırlaşırdı və tərəflərdən razılıq aldıqlarını bildirmişdilər.
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar səbəb kimi vaxt azlığını göstərib
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iddia edib ki, “görüşün baş tutmasının səbəbi Azərbaycan Prezidentinin vaxt azlığıdır”. Rəsmi Bakı isə məsələyə münasibət bildirməyib.
Asif Nərimanlı
Globalinfo.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı görüşün keçirilməməsinin suallar doğurduğunu qeyd edib.
O bildirib ki, Bakının görüşdən imtinası ehtimalı mümkün görünür və bu, səbəbsiz deyil.
“Klaarın açıqlamasına diqqət etdikdə səbəbləri görmək olar. Brüssel təmsilçisi bəyan edir ki, “Aİ-nin məqsədi Qarabağ ermənilərinin öz “evlərinə” qayıtmasıdır” və onlar “Əliyevin iştirak etmədiyi Qranada görüşünü əsas götürərək, Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etməyə çalışırlar”.
Daha öncə də yazmışdıq: Avropa Brüssel görüşündə də Qranadada Azərbaycanın iştirakı olmadan qəbul edilən bəyanatı irəli sürəcək və bunun qəbuluna çalışacaq;
Qranada bəyanatında Qarabağdan çıxan ermənilərin heç bir şərt olmadan geri qayıtması yer alır və bu, bölgdə erməni separatizminin yenidən baş qaldırması riskini yaradır. Çünki “heç bir şərt olmadan” qeydi Azərbaycanın qayıtmaq istəyən ermənilərə “vətəndaşlığın qəbulu” tələbinə qarşıdır. Bəyanat kommunikasiyanın açılması və sərhədin delimitasiyasının da İrəvanın istədiyi formada həyata keçirilməsini özündə əks etdirir. Əliyevin Fransanın təşəbbüsü ilə keçirilən həmin görüşdən imtinasının səbəblərindən birinin mətni öncədən hazırlanmış bu bəyanat olduğu istina edilməməlidir.
Aİ-nin Qranada bəyanatını, yaxud buna uyğun mətni Brüssel formatına daşımaq istəyi aydın görünür. Klaarın “məqsədimiz Qarabağ ermənilərinin öz evlərinə qayıtmasına nail olmaqdır” sözləri də bunu deməyə əsas verir. Ermənistanın mövqeyinin qəbul etdirilməsi məqsədi daşıyan bu yanaşma dəyişməyəcəyi təqdirdə Bakı Brüssel formatını da sıradan çıxara bilər”.
Elxan Şahinoğlu
Oktyabrın ayının sonu üçün nəzərdə tutulan Brüssel görüşünün baş tutmama səbəbindən danışan politoloq Elxan Şahinoğlu deyib:
“Məsələ burasındadır ki, Brüsseldə oktyabrın 26-27-də Avropa İttifaqı liderlərinin sammiti də nəzərdə tutulub. Avropa İttifaqı ölkələrinin liderləri Yaxın Şərqdəki münaqişəni müzakirə edəcəklər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib ki, liderlər xarici siyasətlə bağlı digər məsələləri, o cümlədən Priştina ilə Belqrad arasında münasibətləri, eləcə də Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər. Azərbaycan və Ermənistan liderlərinin görüşünün baş tutmamasını bu sammitlə əlaqələndirmək olar. Şarl Mişel ilin əvvəlindən Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşlər təşkil edib və bu görüşlər hansısa sammitlə əlaqələndirilməyib. Şarl Mişel Azərbaycan və Ermənistan liderləri arasındakı son görüşləri isə Avropa İttifaqının müxtəlif sammitlər çərçivəsində həyata keçirməyə çalışır. Fransanın liderliyə can atdığı həmin sammitlərdə isə Azərbaycan hədəf götürülməyə çalışılır, bu da rəsmi Bakının haqlı narazılığına səbəb olur”.














