Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ABŞ– prezidenti Donald Trampın Braziliya mallarına 50%-lik rüsum tətbiq ediləcəyini bəyan etdiyi məktubu sərt tənqid edib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “TV Record” telekanalına verdiyi müsahibədə danışıb.
Lula bəyan edib ki, əgər Tramp rüsumların bu qədər artırılmasında israr edərsə, Braziliya da eyni səviyyədə cavab tədbirləri görəcək:
“Əgər o (Tramp) bizdən 50% rüsum ödəməyi tələb edirsə, biz də 50% ödəməkdə israr edəcəyik. Hazırda bir neçə qarşı tədbir variantını araşdırırıq”.
Braziliya lideri əlavə edib ki, Trampın məktubunda ikitərəfli ticarət balansı ilə bağlı təqdim olunan məlumatlar reallığı əks etdirmir. Tramp tarifləri ticarət kəsiri ilə əsaslandırsa da, Lula xatırladıb ki, 2023-cü ildə əslində Braziliya ABŞ-a nisbətən daha çox idxal edib:
“Təkcə 2023-cü ildə biz ABŞ-dan 47 milyard dollarlıq məhsul idxal etmişik, ixracımız isə 40 milyard dollar olub. Yəni Braziliyanın özü 7 milyard dollarlıq kəsir yaşayıb. Maraqlıdır ki, Trampa bu rəqəmləri izah etməyə Maliyyə Nazirliyində heç kim tapılmayıb”.
Tahir Turan
Globalinfo.az














