“BP Azərbaycanın neft-qaz sektorunda “Əsrin müqaviləsi” imzalanan zamandan aktiv və ən aparıcı oyunçudur”.
Bu sözləri Globalinfo.az-a sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov BP şirkətinin Azərbaycan qazını daşıyan TAP layihəsində 20 faizlik qeyri-nəzarət payını ABŞ-ın “Apollo” şirkətinə satmasını şərh edərkən deyib.
Fikrət Yusifov
Onun sözlərinə görə, bu qərarın kommersiya məqsədləri üçün atılan addım olduğu şübhə doğurmamalıdır:
“BP kimi şirkətlərin öz aktivləri ilə belə manevr etməsi normaldır. TAP layihəsində ABŞ şirkətinin iştirakı isə təqdirəlayiqdir. ABŞ Azərbaycan qazının Avropaya çatdırılması yolunda qarşımıza çıxan bütün maneələrin dəf edilməsində xüsusi rol oynayıb.
Hesab edirəm ki, gələcəkdə də ABŞ şirkətlərinin enerji layihələrimizdə daha yaxından iştirak etməsinə çalışmalıyıq. Çünki Birləşmiş Ştatlar öz vətəndaşlarına aid kampaniyaların, xaricdə yatırdıqları sərmayələrin həm də ən yaxşı qarantı kimi çıxış edir. Bölgəmizdə gərginliyin artdığı indiki dönəmdə bu amilin yetərincə dəyərləndirilməsi doğru yanaşmadır”.
Turan Rzayev














