“Gürcüstanda yeni teodemokratik respublika qurmaq istəyirlər”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə Gürcüstan KİV çıxış edib.
Məlumata görə, hakim Gürcü Arzusu Partiyası pravoslavlığı dövlət dini edəcək və bununla teodemokratik respublika elan olunacaq.
Müxalif KİV olan “Formula TV”yə Gürcüstan patriarxının nümayəndəsi Georgi Zviadze iddiaları dolayısı yolla təsdiq edib. Onun sözlərinə görə, hakim partiyanın belə ideyası var və bununla bağlı patriarxlıqla konsultasiya aparır.
Maraqlı məqam odur ki, Gürcü Arzusu Partiyasının nümayəndələri avqustun 20-də xalqın onlara səs verməsi üçün 4 səbəb açıqlayıb. Bunlar sırasında Vahid Milli Hərəkatın mühakiməsi, LGBT təbliğatına qarşı qanun qəbulu, Gürcüstanın ərazi idarəetməsi ilə bağlı konstitusion dəyişikliklərə nail olmaq kimi məqamlar yer alır. 4-cü səbəb açıqlanmasa da, sonradan “boz kardinal” sayılan Bidzina İvanişvili bunun Gürcüstanın milli dəyərləri və identikliyi baxımından önəmli olduğunu demişdi. B.İvanişvilinin daha öncə də teodemokratiyaya dair çıxışları olub.
Hələlik patriarx II İlyanın məsələyə mövqeyi aydın deyil. Lakin 2008-ci ildə o, bu məsələyə qarşı çıxmışdı.
Əliyar Xəlil
Globalinfo.az