Son illər nəqliyyat sahəsində islahatların aparılmasına rəğmən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyəti ciddi narazılıq yaradır. Bildirilir ki, parklanma qaydaları, dar küçələrdə salınan velosiped, avtobus zolaqları paytaxt yollarını iflic vəziyyətə salır. Bu dəyişikliklər piyadalar və ictimai nəqliyyat vasitələrinin rahat hərəkət etməsi üçün nəzərdə tutulsa da, şəxsi avtomobil və taksi sürücüləri üçün əlavə problemlərə yol açır. Hazırda xüsusilə taksilərin əlçatmaz olması, sifarişlərin vaxtında yerinə yetirilməməsi müzakirə obyektidir.
Bəs çıxış yolu nədir? Taksi böhranı nə zaman kimi davam edəcək?
Globalinfo.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli deyib ki, Bakıda tıxaclar və ümumilikdə nəqliyyatla bağlı problemlər həllini tapmasa, taksi böhranı da davam edəcək:
“AYNA kimi qurumların da bu məsələdə imkanları məhduddur. Burada söhbət yalnız tənzimləyici qanunlardan yox, vətəndaşların konstitusion hüquqlarından da gedir. Hazırda paytaxt nəqliyyat baxımından ciddi şəkildə yüklənib. Bunun nəticəsində taksi xidmətləri də normal fəaliyyət göstərə bilmir. Artıq məsələnin geniş müzakirəsi belə öz aktuallığını itirib. Düşünürəm ki, jurnalistlər mövzuya fərqli yanaşmalıdırlar. Çünki bu, sadəcə nəqliyyat böhranı deyil, dərinləşmiş və çıxış yolu görünməyən vəziyyətdir. Elmi, konseptual və ya texnoloji yanaşmalar belə hazırkı durumu tənzimləmək gücündə deyil”.
İlqar Hüseynli
Ekspert bildirib ki, müasir dünya texnologiyaları əsasında yeni qurum yaradılsa belə, nəticə dəyişməyəcək:
“Bakının fiziki və infrastruktur baxımından indiki nəqliyyat yükünü daşımaq potensialı yoxdur. Parklama problemi, avtobusların çatışmazlığı, yolların vəziyyəti və bəzi yerlərdə lazımsız şəkildə ayrılmış velosiped zolaqları da vəziyyəti daha da ağırlaşdırır. Hətta bəzi küçələr avtomobil hərəkəti üçün əlverişli olsa da, orada yalnız velosipedlər üçün yol ayrılıb. Bu da absurddur. 10-15 ildir şəhərdə nəqliyyat problemi həyatımızı iflic edib. Belə durumda alternativ çıxış yolu yoxdur və reallığı qəbul etməkdən başqa çarəmiz qalmayıb”.
Zaira Akifqızı
Globalinfo.az














