BMT Suriya ilə bağlı çağırış etdi

BMT Suriya ilə bağlı çağırış etdi

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Suriyanın suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, BMT TŞ Suriyanın Sveyda əyalətində baş verən qarşıdurmalarla bağlı yayılan bəyanatda bölgədə şiddətin artması ilə dərin narahatlıq ifadə olunub.

Tərəflər atəşkəs razılaşmasına əməl etməyə və mülki şəxslərin müdafiəsini təmin etməyə çağırılıb. Bəyanatda Sveydada mülki vətəndaşlar arasında çoxsaylı itkilərin olması kəskin pislənib və qarşıdurmalar səbəbindən təxminən 192 min insanın evlərindən didərgin düşdüyü bildirilib.

BMT Təhlükəsizlik Şurası həmçinin humanitar təşkilatlar üçün Suveyda və Suriyanın digər təsirlənmiş bölgələrinə tam, təhlükəsiz, sürətli və fasiləsiz humanitar yardımın çatdırılmasını tələb edib.

Bəyanatda Suriyanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünə sadiqlik bir daha təsdiqlənərək, bütün dövlətlər bu prinsiplərə hörmətlə yanaşmağa çağırılıb.

Tahir Turan
Globalinfo.az