Bakı ilə İrəvanı “barışdırmaq istəyən” şəxsin Fələstin həmləsi

Bakı ilə İrəvanı "barışdırmaq istəyən" şəxsin Fələstin həmləsi

Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən ABŞ dövlət katibi Antoni Blinken deyib ki, İsrailin tam təhlükəsizliyi üçün Fələstin dövlətinin yaradılmasına ehtiyac var və fələstinlilər bu dövlətin effektiv funksionallığı üçün İsrail dövləti ilə işləməyi bacarmalıdır.

Blinken faktiki olaraq, Fələstinin mövcudluğunu İsrailə indeksləyir, İsraildən asılı, muxtar bir dövlət yaradılmasını təklif edir. Maraqlıdır, İsrail bununla razı olacaq? Fələstin tərəfinin məsələyə reaksiyası necə olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, ABŞ Dövlət katibi Entoni Blinklenin bu açıqlaması şübhəsiz ki, münaqişəni İsrailin xeyrinə həll etməyə yönəlib:

“Görünür, Blinklenin planı İsraildən asılı olan oyuncaq bir Fələstin dövləti qurmaq və bununla da münaqişənin bitdiyini göstərməkdir. Həm ABŞ-da, həm İsraildə yaxşı anlayırlar ki, bu münaqişənin yeganə həlli Fələstin dövlətinin qurulmasından keçir. Buna görə də artıq münaqişənin həlli barədə düşünənlər bu məsələnin kontekstindən gedirlər. Ancaq bunu Fələstin tərəfi qəbul etməyəcək. Həmçinin bu, İsraildə də kəskin etiraz və narazılıqlara səbəb olacaq.

Bakı ilə İrəvanı "barışdırmaq istəyən" şəxsin Fələstin həmləsi

Zeynal Əmrəliyev

Bu bir daha ABŞ-ın bu məsələdə necə ədalətsiz yanaşma sərgilədiyini və məsələnin həllindən necə uzaq olduğunu göstərir. Bu münaqişənin yeganə ədalətli həlli paytaxtı Qüds olan Fələstin dövlətinin qurulmasıdır. Həm tərəflər, həm də ABŞ və digər Qərb ölkələri iki dövlətli həll yolunu qəbul etməlidirlər. Ancaq tam müstəqil iki dövlət olmalıdır. Oyuncaq dövlətlər yox. Bu məsələnin həlli belə qəbul edilməsə, Yaxın Şərqdə heç vaxt sülh olmayacaq və ərəb-yəhudi xalqları arasında qarşılıqlı etimad mühiti formalaşmayacaq”.

Turan Rzayev
Globalinfo.az