Blinken-Əliyev danışığı niyə 5 gün sonra açıqlandı? – “Razılaşma var, amma…”

Sentyabrın 1-də ABŞ Dövlət katibi Entoni Blinkenlə Prezident İlham Əliyev arasında telefon danışığının baş tutduğu bildirildi. Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının müzakirə edildiyi danışığın 5 gün sonra, yəni 6 sentyabrda açıqlanması diqqət çəkib.

Söhbət zamanı Prezident İlham Əliyev Azərbaycanın mövqeyini bir daha elan və izah edib. Blinken isə ABŞ-ın Bakı ilə Xankəndi arasında birbaşa təmasları dəstəklədiklərini vurğulayıb.

Blinken-Əliyev telefon danışığı niyə 5 gün sonra açıqlandı? ABŞ bu məsələdə hansı mövqedədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Orxan Amaşov bildirib ki, hazırda əsas məsələ Laçın yolunda gömrük postunun yerləşdirilməsidir:

“Bu ilin əvvəlindən başlayaraq ABŞ tərəfindən edilən bəyanatlarda Laçın yolundan kommersiya yüklərinin keçidinin təmin edilməsi ilə bağlı məsələlər qeyd olunur. Danışıqlar və əldə olunması mümkün hesab edilən anlaşmalar da yəqin ki, bu istiqamət olacaq. Ağdam-Xankəndi yolu açıldıqdan sonra Laçın yolunda da müəyyən aktivlik ola bilər. Amma Laçın yolu böyük humanitar yüklərin transportasiyası üçün uyğun deyil. Ağdam-Xankəndi yolu Azərbaycanın daxili yoludur, orada heç bir təhlükəsizlik riski yoxdur, buradan böyük humanitar yüklər göndərilə bilər. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin iki maşını 40 ton un məmulatı ilə birlikdə burada gözləyir. Orada isə bloklanma var, bu yolun açılması lazımdır. Daha sonra Laçın yolunda da hərəkətin intensivliyi arta bilər.

Əsas məsələ odur ki, Laçın yolunda gömrük postu yerləşdirilməli, buraya gələn yüklər müvafiq nəzarətdən keçirilməlidir. Bu yol artıq çoxdandır ki, dəhliz kimi fəaliyyət göstərmir, indi ona münasibətdə bu ifadənin işlədilməsi daha da mənasızlaşıb. Çünki sərhəd-buraxılış məntəqəsi var və burada gömrük postu da tam əsaslı şəkildə olmalı, birmənalı şəkildə qaydalar tənzimlənməlidir”.

Orxan Amaşov

O.Amaşov Brüsseldə Ağdam-Xankəndi yolu ilə bağlı əldə edilmiş prinsipə əməl olunmadığını vurğulayıb:

“Avropa İttifaqı Prezidentinin sözçüsünün son bəyanatında da qeyd edilir ki, Azərbaycan Qarabağ erməniləri üçün istər sərnişin daşımaları, istərsə də humanitar və kommersiya yüklərinin çatdırılması ilə bağlı yoldan istifadə qaydalarına dair dəqiq təsəvvür yaratmalıdır. Bu onu göstərir ki, Laçın yolu adi yol kimi fəaliyyət göstərəcək və burada Azərbaycan qanunları tətbiq ediləcək. Lakin orada qaydaların dəqiq müəyyən olunması, həmçinin intensivliyin artması üçün mütləq Ağdam-Xankəndi yolu açılmalıdır. İyulun 15-də əldə edilmiş Ağdam-Xankəndi yolunun açılmasına paralel olaraq Laçın yolundan istifadənin intensivləşməsi prinsipinə əməl olunmur. Laçın yolu məhdud çərçivədə olsa belə işləyir, amma Ağdam-Xankəndi yolu isə yox.

Hesab edirəm ki, Azərbaycanın Laçın yolunda təsis etdiyi sərhəd-buraxılış məntəqəsinin gətirdiyi reallıq ABŞ və Avropa İttifaqı tərəfindən artıq qəbul olunmağa başlayıb. Amma lazımdır ki, Ağdam-Xankəndi yolu açılsın. Nə qədər ki, bu yol işləmir, Laçın yolunda hərəkətin intensivliyində də heç bir artım olmayacaq. Hətta intensivlik artsa belə, artıq biz bu yolu humanitar yüklər üçün münasib hesab etmirik. Burada dəyişikliklərin olması vacibdir”.

“Azərbaycan Prezidentinə bu yaxınlarda çox zənglər olub, Fransa Prezidenti Emmanuel Makron da zəng etmişdi. Əsas söhbət mövcud böhranın nəticələrinin aradan qaldırılmasından gedir. Razılaşma var, konstruksiya məlumdur, amma lazımdır ki, Ağdam-Xankəndi yolu açılsın. Əgər ABŞ-ın əlində bu yolun açılması üçün Ermənistana təsir imkanları varsa, bundan istifadə edilməlidir”, – o bildirib.

Ayşən Mustafa
Globalinfo.az