“Bizim seçkilərə müdaxilə etmək, kömək etmək və s. bu kimi səlahiyyətimiz yoxdur, biz sadəcə üzv dövlətin dəvəti əsasında monitorinq aparmaq, prosesi izləmək üçün dəvət olunmuşuq”.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) müşahidə missiyasının rəhbəri Ditmir Buşati ATƏT/DTİHB müşahidəçilərinin Azərbaycanda keçiriləcək Milli Məclisə növbədənkənar seçkiləri müşahidə missiyasının açılışı ilə bağlı mətbuat konfransında deyib.
AŞPA-nın seçkini müşahidə üçün dəvət olunmaması ilə bağlı suala cavab olaraq missiya rəhbəri deyib ki, o, ATƏT-in adından Azərbaycandadır, digər hər hansı təşkilatın prosesi izləmək üçün dəvət olunub-olunmaması barədə şərh verməsi doğru deyil.
“Biz bütün təşkilatlarla əməkdaşlığa hər zaman açıq olmuşuq və bizim mövqeyimiz dəyişməyib. Biz beynəlxalq prinsiplərə əsaslanan metodologiya əsasında prosesi izləyəcəyik”, – deyə Ditmir Buşati vurğulayıb.














