Ermənistan ilə Azərbaycan arasında sülh prosesi davam edir. Son baş verən hadisələr prosesin gələcəyinə dair ümidləri artırsa da 2023-cü ildə sülh müqaviləsinin imzalanmaması müəyyən narahatlıqlar yaradır. Bəzi ekspertlər isə hesab edir ki, ümumiyyətlə sülh prosesi dalana dirənib.
“Qarabağ” kitabının müəllifi britaniyalı jurnalist Tomas de Vall Ermənistan mediasına müsahibəsində deyib ki, “Mən yaxın gələcəkdə Bakı və İrəvan arasında sülh sazişinin imzalanması imkanını görmürəm. İki ölkə arasında müharibə təhlükəsi həmişə mövcuddur və bir çox məsələ Əliyevdən asılıdır”.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Tomas de Vall ciddi bir ekspert deyil:
“O, uzun illər Qarabağ münaqişəsi ilə bağlı yazılarında ancaq manipulyasiya ilə məşğul olub. Yazıları tərəfsiz olmadığı kimi, birbaşa erməni maraqlarına xidmət edir.
Tural İsmayılov
Misal üçün, Ruben Vardanyan başda olmaqla separatçı liderlərin həbsi zamanı, habelə Qarabağ erməniləri Azərbaycanı tərk edərkən yayımladığı yazılar da bir daha əsl mahiyyətini göstərdi. Onun erməni lobbisi və diasporu ilə yaxın əlaqələri bilinən reallıqdır.
O ki qaldı sülh prosesinin dalana dirənməsinə, bu fikirlə razı deyiləm. Ümumiyyətlə, baş verən son siyasi proseslər 30 il ərzində görmədiyimiz hadisələrdir. Vasitəçilərin olmaması sülh prosesi çərçivəsində real nəticələrin əldə edilməsi ilə nəticələnir. İlin sonuna çox az qalsa da ilkin sülh müqaviləsinin imzalanması mümkündür. Bu baxımdan pessimist düşünməyə əsas yoxdur”.
“Yekun sülh müqaviləsindən danışmaq üçün hələ çox tezdir. Çünki həllini gözləyən kifayət qədər çox məsələ var. Hesab edirəm, bütün bu məsələlər ilə bağlı 2024-cü ildə daha mühüm hadisələrin şahidi olacağıq” – ekspert vurğulayıb.
Turan Rzayev
Globalinfo.az














