1 sentyabr tarixində ölkədə keçirilən parlament seçkiləri ilə bağlı sosial şəbəkələrdə xoşagəlməz halların olduğuna dair görüntülər yayılıb. Həmin videolarda seçki məntəqlərində saxtakarlığa yol verildiyi göstərilir. Əgər saxtakarlıq sübuta yetirilərsə, həmin dairənin nəticələri ləğv oluna bilərmi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Şaitdin Əliyev deyib ki, yayılan görüntülərin hər biri araşdırılacaq.
Onun sözlərinə görə, görüntülər həqiqəti əks etdirərsə, mütləq lazımı tədbirlər görüləcək:
“Bizə hələ ki, heç bir şikayət daxil olmayıb. Şikayət olunarsa, günahı olan hər kəs qanun çərçivəsində cəzasını alacaq. Buna görə heç kim narahat olmasın”.
Ş.Əliyevin dediklərinə görə, bir-iki səhvə görə nəticələr ləğv edilməyəcək:
Şaitdin Əliyev
“Sübuta yetirilsə ki, hər hansı bir məntəqədə qanun pozuntusu baş verib, orada nəticələr ləğv edilməyəcək. Nəticə o zaman ləğv edilir ki, bütün məntəqələrdə eyni namizədlə bağlı saxtakarlığa yol verilsin. Bir-iki yanlışlıq olubsa və bu, ümumi nəticəyə təsir göstərmirsə, əlbəttə ki, nəticələr ləğv edilə bilməz. Bəzən məqsədli şəkildə ötən seçkilərdə lentə alınan görüntüləri də yayırlar. Özümüz bu məsələni araşdırırıq. Saxtakarlıq sübuta yetirilərsə, burada cəzalanan şəxslər məntəqədə saxtakarlığa yol verən kəslər olacaq”.
Zaira Akifqızı
Globalinfo.az