Daşkənd toplantısından önəmli qərarlar gözlənir – Bakı üçün hansı yeniliklər olacaq?

“İqtisadi Əməkdaşlıq Təşkilatı region ölkələri tərəfindən formalaşdırılan çox vacib platformalardan biridir. İƏT çox böyük imkanlar təmin edir. Xüsusi iqtisadi sahədə bu imkanlar özünü daha çox büruzə verir”.

Bu sözləri Globalinfo.az-a politoloq Tural İsmayılov Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı haqda danışarkən deyib.

Təşkilatın sammitlərində verilən qərarlar nəticəsinə yeni tranzit layihələrin icrası istiqamətində razılıqlar əldə olunur. Bundan öncəki sammitlərdə post pandemiyanın yaratdığı psixoloji gərginliyin aradan qaldırılması, habelə, yeni əməkdaşlıq formatları yaradıldı. Bu formatlar İƏT-in mütəmadi sammitlər keçirməsini labüd edir.

Mən xüsusilə iqtisadi sahəni qeyd etdim, çünki siyasi sahədə türk ölkələri ilə İranın maraqları üst-üstə düşməsə də iqtisadi maraqlar uzlaşır.

Azərbaycan da bu təşkilata hər zaman maraqla yanaşıb təsadüfi deyil ki, Azərbaycan prezidenti bayram günlərində təşkilatın sammitində iştirak üçün Daşkəndə yollandı. Bu həm də o baxımdan vacibdir ki, təşkilat Azərbaycanın regional iqtisadi-siyasi maraqları baxımından geniş platforma imkanı yaradır. Rəsmi Bakı İƏT sammitlərində hər zaman aktiv şəkildə iştirak edir.

Xüsusilə Prezident İlham Əliyev sammitdəki çıxışları yekun qərarlara təsir edən əsas amillərdəndir. Azərbaycanın verdiyi təkliflər təşkilatın ümumi mənada icra etmək istədiyi layihələr ilə uzlaşır”.

Turan Rzayev
Globalinfo.az