Türkiyə-Yunanıstan arasında gərginlik və söz atışması yenidən artıb. Yunanıstanın müdafiə və səhiyyə nazirlərinin ard-arda verdikləri açıqlamalar Ankarada xoş qarşılanmayıb.
Türkiyənin müdafiə naziri Yaşar Gülər qarşı tərəfə ironik cavab verib, amma bu, gərgin atmosferi azaltmağa bəs etmir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın bütün addımlarını izlədiklərini bəyan edib.
R.T.Ərdoğanın ötən il dekabr ayında Yunanıstana səfəri iki ölkə arasında münasibətlərin düzələcəyinə ümidləri artırsa da görünür, bu xəmir hələ çox su aparacaq.
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Samir Hümbətov deyib ki, Türkiyə-Yunanıstan gərginliyi uzun müddətdir ki, eyni xətt üzrə davam edir:
“Ənənəvi düşmənçilik münasibətlərinə malikdirlər. Daha çox Yunanıstanın düşmənçilik münasibəti sərgilədiyinin şahidi oluruq. Müəyyən vaxtlarda hər iki ölkənin liderlərinin qarşılıqlı səfərləri çərçivəsində müəyyən səngimələr olarsa da ümumi gərginlik qalmaqdadır. Türkiyə və Yunanıstan arasındakı gərginliyin kökləri əsasən iki problemə dayanır. Bunlar Kipr münaqişəsi və mübahisəli adalardır (12 ada). Bu ərazilər Türkiyə ərazisi kimi qəbul edilsə də daha sonra Yunanıstana bağışlanıb.
Digər məsələ isə Şərqi Aralıq dənizi ilə bağlıdır. Burada böyük qaz yataqları var. Türkiyənin Liviya ilə imzaladığı dəniz dibinin bölüşdürülməsi və ətraf ərazilərlə bağlı razılıqlar var ki, burada da Yunanıstan gərginlik yaradıb”.
Politoloq gərginliyin arxasında başqa gücün olduğunu istisna etmir:
“Bu iki ölkə arasında münasibətlərin gərgin olmasını istəyən qüvvələr var. ABŞ Yunanıstan ərazisində 9 hərbi baza formalaşdırıb. Ümumilikdə Çin, Rusiya və digər bir neçə ölkənin öz maraqları var. Müharibə həddinə çatmasa da gərginliyin hələ bir müddət davam edəcəyi gözləniləndir”.
Safura Bənnayeva
Globalinfo.az














