“2024-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, xüsusən də aztəminatlı təbəqənin alıcılıq qabiliyyətinin və real gəlirlərinin yüksəldilməsi məqsədilə sosial ödənişlərin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunmuşdur”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti ilə bağlı hesabatla çıxış edən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 39%-i və ya 14,6 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib:
“2024-cü ildə orta pensiya məbləği 12% (494 manat), yaşa görə pensiya 11,3% (528 manata) artmış, yaşayış minimumu ölkə üzrə 270 manat müəyyən edilmişdir (9,8% artım). Bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 475 manat olmuşdur.
Prezidentin davamlı islahatları çərçivəsində sosial məsələlərin həllinə daim diqqət göstərilir. Yanvarın 1-dən sosial sahədə növbəti artımlarla bağlı qərarlar qəbul olunmuşdur.
Ümumiyyətlə, son bir neçə il ərzində 4 sosial paket həyata keçirilib və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərclənib.
Bundan sonra da Hökumətin əsas vəzifələrindən biri sosial və iqtisadi inkişafın paralel həyata keçirilməsidir”.
Safura Bənnayeva
Globalinfo.az














