Binəli Yıldırım Zəngilanda yol qəzası keçirdi, helikopterlə Bakıya gətirildi – VİDEO

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərdə müşayiət edən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Şamil Ayrımın olduğu avtomobil Zəngilan hava limanına gedərkən qəzaya uğrayıb.

Globalinfo.az bu barədə Türkiyə mediasına istinadla xəbər verir.

Məlumata görə, Yıldırım və Ayrımın vəziyyətləri yaxşıdır. Onlar tibbi müayinə məqsədilə həkim briqadasının müşayiəti ilə helikopterlə Bakıdakı xəstəxanaya aparılıblar.

Onların olduğu maşın döngədə idarəetməni itirdiyi üçün qəzaya düşüb. Hadisə zamanı avtomobilin təhlükəsizli yastıqları açılıb.

AKP sədrinin müavinləri Ömər Çelik və Efkan Ala onları müşayiət etmək üçün Bakıda qalıblar.

Qeyd edilir ki, qəzaya uğramış nəqliyyat vasitəsinin sürücüsünün səhhəti yaxşıdır.

Qəza haqda Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca Tvitterdə paylaşım edib. Nazir paylaşımda bildirib:

“Azərbaycanda səfərdə olan cənab Binəli Yıldırımın mühafizəçisi ilə millət vəkili dostumuz Şamil Ayrımın maşını qəzaya düşüb. Mən onunla danışdım. Öyrəndim ki, onların üçünün də səhhəti yaxşıdır, qəzadan yüngülcə xilas olublar. Yenidən şəfa diləklərimi çatdırıram”.