Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin son vaxtlar Yutub platformasında bir-birindən maraqlı videoları paylaşılır. Bu videolar əsasən şair və yazıçılarla, incəsənət xadimləri ilə səmimi ortamda olan söhbətlərdən parçalardır.
Globalinfo.az xəbər verir ki, bugünlərdə yayılmış daha bir video 1995-96-cı illərə aiddir. Üstündən 30 ilə yaxın zaman keçdikdən sonra bu videoların dəyəri daha da artır. Ümummili liderin poeziyaya, nəsrə, musiqiyə, teatra, rəssamlığa, eləcə də bu sahələrin tanınmış nümayəndələrinə hörməti, qayğısı bir başqa formada görünür.
Yutubda yayılmış sözügedən videoda dövrün tanınan, məşhur şair və yazıçılarını görmək mümkündür. Azərbaycan Yazıçılar Birliyinin (AYB) binasında qeyri-rəsmi formatda baş tutan tədbirdə Anar, Fikrət Qoca, Qabil, Sabir Rüstəmxanlı, Fikrət Sadıq, Rəfiq Zəka Xəndan, Elçin Əfəndiyev, yazıçı-jurnalist Elmira Axundova və digərləri var. Videoda Milli Məclisin keçmiş sədri, hazırda ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev də görünür. O, söhbətə qatılmaq, hətta yumoristik replikalar vermək istəsə də, ortama tam daxil ola bilmir.
Söhbət əvvəldən axıra kimi maraqlı, səmimi dialoqlardan ibarətdir. Həmçinin zarafatlar edilir, gülməli hadisələr xatırlanır. Videoda maraqlı detallardan biri də Heydər Əliyevin R.Z.Xəndanın ona “Heydər bəy” xitabına verdiyi reaksiyadır. H.Əliyevin bu müraciətin müəllifinə çox kübar formada, nəzakətlə irad bildirməsi diqqətdən yayınmır: “Bilirsən, mənə bəy demə, mən bəy olmamışam heç zaman” – deyir və gülür. Bununla da həm öz mövqeyini ortaya qoyur, həm də ortamın gərginləşməsinin, Rəfiq Zəkanın pərtliyinin qarşısını alır.
Heydər Əliyevin “bəy” xitabına bu reaksiyasının səbəbləri var. O dövrdəki siyasi proseslərə şahidlik edənlər xatırlayar ki, AXC iqtidarı zamanında “bəy” müraciəti cəmiyyətdə gözdən salınmış, ikrahla qarşılanırdı. Səriştəsiz idarəçilik, AXC iqtidarının üzdə olan məmurlarının davranış tərzi, əksər vaxtlar ciddiliklərini qoruya bilməmələri, eləcə də bir sıra amillər “bəy”i lağ obyektinə çevirmişdi. Böyük ehtimal, Heydər Əliyevin özünə olan bu müraciətə belə reaksiya göstərməsinin səbəbi yuxarıdakı məqamlarla bağlıdır.
1996-cı ildə “bəy” sözü hələ də Xalq Cəbhəsinin xaotik hakimiyyətini, başıpozuq hərəkat dövrünü, cəbhəçi obrazını assosiasiya edirdi. Mərhum prezidentin “Mən heç zaman bəy olmamışam” sözləri də, təxminən bu cür yozula bilər: “Məni o səriştəsiz və qeyri-ciddi adamlarla eyniləşdirmə, heç vaxt o cəbhədə olmamışam, onlara tay tutulmağı da sevmirəm”.
Videonu təqdim edirik:
Əliyar Xəlil
Globalinfo.az