Bilgəhdə “villa əməliyyatı”nın şok səbəbləri: İmarəti söküləcək məşhurların siyahısı

“20 il öncə 500 min manata aldığım bağ evimi gözümün qarşında sökürlər”.

Bu sözləri Globalinfo.az-a keçmiş deputat Hacı Qalib Salahzadə Bilgəhdə yerləşən villasının sökülməsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, söküntü tapşırıq əsasında həyata keçirilir:

“Mənim bağım olan torpaq bələdiyyə torpağı idi. Buranı 20 il öncə Fərhad adında bir şəxsdən almışam. O adam hazırda sağdır. Kəndlərdə adətən, bələdiyyə torpaqları olur ki, onların da “kupça”sı olmur. Bunu kəndlilər də təsdiq edə bilər. Nə oldu, bu qədər torpaq 20 il qanuni idi, 21-ci ildə qanunsuz oldu?! Mən 1 hektar torpağı alınan, evləri sökülən insan kimi tarixə düşdüm”.

Q.Salahzadə hazırda evlərinin söküldüyünü deyib:

Hacı Qalib Salahzadə

“3 evimin hər üçünü də sökürlər. Hazırda da söküntü işləri davam etdirilir. Mən bir şeyi başa düşdüm ki, bəzi məmurlar işlərinə yarayanda dostum olurlar, yaramayanda düşmənim. Bilsəm, “kupça” (mülk sənədi-red.) düzəltdirərdim. Amma olsun. Necə deyərlər, kişinin başına iş gələr. Adamın evini də alarlar, var dövlətini də. Hər adam Bilgəhdə bağ sahibi ola bilmir. Özüm Vasif Talıbovla qonşuyam. Artıq nə evim var, nə bağım. Qismət olar, daha yaxşısını tikərəm. Onu da deyim ki, kompensasiya ödənilmədi, heç lazım da deyil”.

Maraqlıdır, Hacı Qalib Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovla qonşu olmasına xüsusi vurğu edir. Hacı Qalib kimi təcrübəli adam Talıbov amilini boşuna qabartmaz. Məntiqlə, vəzifədən çıxarılmış, “vurulmuş”, dövlətin gözündən düşmüş bir şəxsin adını öz problemi ilə paralel hallandırması Q.Salahzadəyə sərf etmir. Bəs o zaman, nədir bu məsələnin mahiyyəti? Qalib Salahzadə hansı səbəbdən jurnalistlə söhbətində “Vasif Talıbovla qonşuyam” deyib? Yoxsa, “mənim villam sökürlərsə, Vasif Talıvobun evini də söksünlər” mesajını verir?

Amma işin içində başqa bir məsələ də ola bilər. Bunun üçün bir qədər əvvələ qayıtmaq lazımdır.

2023-cü ilin yanvar ayının 11-də Globalinfo.az-da dərc olunan məqalədə Talıbovların Bilgəhdəki villalarından bəhs edilirdi. Həmin araşdırma yazıda bir məqamı təkrar oxucuların diqqətinə çatdırırıq:

“Vasif Talıbovun Bilgəhdə prezidentlərə məxsus rezidensiyalara bənzəyən sarayı üçün torpaq sahəsini ona vaxtilə Bilgəh bələdiyyəsinin sədri olan sabiq deputat Hacı Qalib Salahzadə verib. Əvəzində isə Vasif Talıbov Hacı Qalib Salahzadəni deputat mandatı ilə mükafatlandırılıb.

Hacı Qalib Salahzadənin villası

Ərazi olaraq Bilgəh qəsəbəsinin həmin hissəsi qəsəbənin inkişaf planına görə dənizkənarı bulvar tipli çimərlik üçün nəzərdə tutulubmuş. Plana görə, “Amburan” sərhədindən tutmuş Nardaran qəsəbəsinə qədər bulvar olmalı imiş. Buna baxmayaraq, ərazi saxta bələdiyyə sənədlərinə əsasən Talıbovların və digərlərinin sərəncamına verilib. Vasif Talıbovun sarayının solunda Hacı Qalib Salahzadənin oğlu, hazırda cibində deputat mandatı gəzdirən Əliabbas Salahzadə, sağında isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyx Hacı Allahşükür Paşazadənin imarətidir. Bütün Qafqazın Şeyxinin qonşusu “AST Telman” ləqəbli yəhudi əsilli iş adamı Telman İsmayılov, onun qonşusu isə “AzNar”ın sahibi Fərhad Əhmədovdur. Həmin sırada daha iki imarət var: biri İsgəndər Xəlilova, digəri isə AZAL prezidenti (keçmiş-red.) Cahangir Əsgərova məxsusdur.

Talıbovlara məxsus torpaq sahəsi Seymur və Bahar Talıbovanın adına rəsmiləşdirilib. Saray Bilgəh qəsəbəsində dəniz sahilində, 110 sot torpaq sahəsində yerləşir. Talıbovlar 110 sot torpaq sahəsinin 7 sotunda 3 mərtəbəli saray inşa etdiriblər. Dubaydan xüsusi olaraq palma ağacları gətizdirilərək ərazidə əkdirilib. Torpaq sahəsindən dənizin içinə qədər uzanan körpü də inşa olunub. Həmin körpüdə yay aylarında Talıbovlara məxsus yaxtalar dayanır”.

Çox güman ki, yaxın vaxtlarda ərazidə olan digər tanınmış şəxslərə aid villalar da söküləcək. Bura Vasif Talıbovun, Allahşükür Paşazadənin, Cahangir Əsgərovun, İsgəndər Xəlilovun və digərlərinin imarətləri daxildir.

Zaira Akifqızı
Globalinfo.az