23 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Marko Curiç ilə görüşüb.
XİN-dən Globalinfo.az-a verilən xəbərə görə, geniştərkibli görüş zamanı, nazirlər Azərbaycan-Serbiya strateji tərəfdaşlığının müxtəlif aspektləri, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
İki ölkə arasında qarşılıqlı hörmət və etibarlı tərəfdaşlığa, beynəlxalq hüququn əsas norma və prinsiplərinə, xüsusilə suverenlik və ərazi bütövlüyünün qarşılıqlı dəstəklənməsinə əsaslanan strateji tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub.
Strateji tərəfdaşlığın inkişafına töhfə verən amillər arasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, liderlər arasında dostluğun əhəmiyyəti vurğulanıb.
İki ölkə arasında enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, turizm sahələri üzrə əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, iqtisadiyyat, ticarət və investisiyalar istiqamətləri üzrə əməkdaşlığın inkişafının zəruriliyi vurğulanıb.
Xalqlararası əlaqələrin genişləndirilməsində humanitar sahədə əməkdaşlığın, qarşılıqlı vizadan azad olunma tədbirlərinin töhfələri qeyd edilib.
Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Nazir Ceyhun Bayramov ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) əldə olunan uğurlardan bəhs edib, Serbiya tərəfinin ali səviyyədə iştirakı və töhfələrinə görə təşəkkür edilib. Yaşıl enerji sahəsində ölkəmizin planları və regionumuzun elektrik enerjisinin ixracı sahəsində rolu barədə məlumat verilib.
Serbiyanın Expo 2027 tədbirinə hazırlıq işlərində uğurlar arzulanıb, bu tədbirin Serbiyanın artan əhəmiyyətinin göstəricisi olduğu vurğulanıb.
Qarşı tərəf, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırkı vəziyyəti barədə ətraflı məlumatlandırılıb. Sülh müqaviləsində açıq qalan bəndlər üzrə razılığın əldə olunması, Ermənistan Konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə yönələn iddialara son qoyulmasının sülh prosesinə hədə törədən mövcud çağırışların aradan qaldırılması üçün əhəmiyyəti qeyd edilib. Bununla yanaşı, ATƏT çərçivəsində Minsk Qrupunun rəsmi olaraq ləğvinə Ermənistanın maneçilik səylərinin sülh prosesinə zidd olduğu diqqətə çatdırılıb.
Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Daha sonra keçirilmiş mətbuat konfransında nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış ediblər.
***
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasının dəvəti əsasında bu ölkəyə işgüzar səfəri çərçivəsində Serbiyanın Səfirlər Müşavirəsində iştirak və çıxış edib.
Bu barədə Globalinfo.az-a XİN-dən məlumat verilib.
Məlumata görə, Ceyhun Bayramov çıxışı zamanı Azərbaycan-Serbiya strateji tərəfdaşlığının siyasi, iqtisadi, enerji, humanitar aspektlərindən, ölkələrimizi birləşdirən ümumi çağırışlar və bu çağırışlarla mübarizədə ortaq yanaşmamızdan ətraflı bəhs edib.
İki ölkə arasında 30 ilə yaxın tarixi olan diplomatik münasibətlərin bu gün Azərbaycan və Serbiya rəhbərliyinin birbaşa iştirakı ilə özünü əməldə, çoxşahəli strateji tərəfdaşlıqda göstərdiyi qeyd olunub.
Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurası, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya, habelə siyasi məsləhətləşmələr mexanizminin əməkdaşlığın inkişafında vacib rolundan bəhs olunub.
Ölkələrimiz arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın perspektivlərindən geniş şəkildə bəhs edilib, Azərbaycanın Avropada enerji diversifikasiyasının transformasiyasında oynadığı rolun əhəmiyyəti, o cümlədən cari ildə qaz ixracı sahəsində Serbiya ilə əməkdaşlığın nəticələr verməsi məmnunluqla qeyd olunub. Yaşıl enerji sahəsinin ölkəmizin prioritetlərindən biri olduğu, bu istiqamətdə Qara dəniz sualtı enerji kabeli layihəsi, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl enerji” sahəsində strateji tərəfdaşlıq kimi təşəbbüslərin Xəzər və Qara dəniz hövzələrindən keçməklə Avropa və Mərkəzi Asiyanın əlaqələndirilməsində mühüm addımlar olduğu diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov, həmçinin bu il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələri barədə Müşavirə iştirakçılarını ətraflı məlumatlandıraraq, yeni iqlim maliyyəsi hədəfinin razılaşdırılması, Paris sazişinin 6-cı maddəsi üzrə danışıqların yekunlaşdırılması, İtki və Zərər Fondunun fəaliyyətə başlaması üçün hazır vəziyyətə gətirilməsi istiqamətində əldə olunan uğurların qlobal iqlim gündəliyində əhəmiyyətindən bəhs edib.
Azərbaycan və Serbiyanı birləşdirən ortaq xüsusiyyətlər qismində ölkələrimiz arasında ərazi ölçüsü, əhali sayı, xalqlarımız arasında mövcud tarixi bağlar ilə yanaşı, təxminən eyni tarixi dövrdə müstəqillik qazanan hər iki ölkənin beynəlxalq hüququn selektiv tətbiqinə məruz qaldığı, ölkələrimizin ikili standartlar problemi ilə üzləşdiyi qeyd olunub.
Ölkələrimizin xarici aktorlara arxalanmamağın, geosiyasi qarşıdurmalarda tərəf olmamağın, manipulyasiya və müdaxilələrdən qaçınmaq üçün birbaşa danışıqlara üstünlük verilməsinin əhəmiyyətini anladığı qeyd edilib. Bu baxımdan, Azərbaycan və Serbiyanın xarici siyasətində eyni dəyərləri, xüsusilə ərazi bütövlüyü və suverenliyə daimi dəstəyi rəhbər tutmasının və bunun davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Tədbirdə Serbiya xarici işlər naziri Marko Curiç, XİN-in heyəti, xaricdəki səfirləri, habelə Serbiya Parlamentinin sədri Ana Brnabiç iştirak edib.
***13:49
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya səfəri çərçivəsində Belqradda Səfirlər Konfransında çıxış edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.
Nazir Azərbaycan-Serbiya strateji tərəfdaşlığının siyasi, iqtisadi, enerji və humanitar aspektlərinə, həmçinin ikili standartlar, ümumi regional problemlərə toxunub.
Hər iki ölkənin xarici siyasətinə rəhbərlik edən suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət edilməsinin əhəmiyyəti vurğulanıb.
C.Bayramov, həmçinin Azərbaycanın Avropanın enerji şaxələndirilməsindəki mühüm rolu, eləcə də Xəzər və Qara dəniz hövzələri vasitəsilə Avropa və Mərkəzi Asiyanı birləşdirəcək gələcək “yaşıl enerji” planları haqqında ətraflı danışıb.
During the working visit to Serbia, @Bayramov_Jeyhun, Minister of Foreign Affairs of the Republic of #Azerbaijan, addressed the Ambassadors’ Conference in #Belgrade.
Minister touched upon the political, economic, energy and humanitarian aspects of the #Azerbaijan–#Serbia… pic.twitter.com/mSGYYIfG9S
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) December 23, 2024
***13:27
Serbiya Respublikasının Səfirlər Konfransı Belqradda başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb.
Konfransda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.














