Bəhramı gur səslə söyənlər bir önəmli faktı unudublar…

Ən inkişaf etmiş ölkələrdə də şəhərli-kəndli mübahisələri olur. Avropada, ABŞ-də, Rusiyada, Türkiyədə özünü şəhər mədəniyyətinin ən üst təmsilçisi sayıb, əyalət insanına yuxarıdan aşağı baxan milyonlarla insan var.

Bizdə də vaxtaşırı belə müzakirələr açılır. İntellektual zəhmət təmsilçiləri ilə fiziki əmək nümayəndələrinin həyat tərzi, dünyaya baxışı, üst-başı, mədəni səviyyəsi fərqlənir, bu da təbiidir. Bu fərq davranışda da özünü göstərirsə, dözümlü yanaşmaq lazımdır.

Sürixdən, Praqadan 3-5 km kənara çıxırsan, qarşına klassik kənd mənzərəsi çıxır. Avropa ölkələrinin hamısı aqrardır. Min hektarlarla əkin sahəsi, mal-qara, qoyun-quzu, hətta bəzən at arabası yolboyu səni təqib edir. Fiziki əmək nümayəndələrinin özləri ilə alternativ mədəniyyət gəzdirmələri mümkün deyil. Kimin nəyi var, odur. Üst-başı dəyişmək mümkündür, amma onillərlə öyrəşdiyin həyat tərzini, rəftarı paltar kimi dəyişib, sığallı-tumarlı olmaq çətin işdir.

Şəhərli şəhərli, kəndli kəndli tərzi ilə qalsa yaxşıdır. Mədəniyyətlərin uzlaşması, çulğalaşması ölkələri, xalqları inkişaf etdirir. Bu dəyərlərin qarşıdurması isə hər zaman problem yaradır.

Bəhram Bağırzadənin dediyinə gəlincə… Bu da onun mövqeyidir. Dözümlü yanaşmaqda fayda var. Həqiqət mübahisələrdə, müzakirələrdə, alternativ mövqelərin səsləndirilməsində ortaya çıxır – söyüş-qarğışda, kor-koranə yanaşmada yox. Məsələn, Bəhram bəyi mübahisədə məğlub etmək istəyənlər, onun mövqeyinin doğru olmadığını isbatlamağa çalışanlar rayondan gəlib, Azərbaycan elminə, mədəniyyətinə, mətbuatına, hərbisinə, siyasətinə və sair sahələrə töhfə verən tanınmış şəxslərdən bir neçəsinin adlarını yazsın, onların kiçik siyahısını təqdim etsin. Fakt ən güclü və təsirli silahdır…

P.S. Bizim dövrdə rayon mərkəzində yaşayan yeniyetmələr kəndlərdə yaşayan həmyaşıdlarına “kəndçi” deyərdilər. Gəncədə isə kənd uşaqlarına daha dözümsüz yanaşılırdı. Sonra biz də gəncəli yaşıdlarımızın sözünü kənddə bir-birimizə ünvanlayardıq.

Azər Ayxan, Əməkdar jurnalist
Globalinfo.az