Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan yanvarın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.
Azərbaycanın xarici siyasətinin mühüm sahələrindən biri də Yaxın Şərq ölkələri ilə əlaqələrin inkişaf etdirilməsidir. Bu istiqamətdə BƏƏ-Azərbaycan münasibətləri mühüm əhəmiyyət kəsb edir. Rəsmi Bakının Ərəb dünyasının flaqman ölkəsi ilə yaxınlaşması iqtisadi-siyasi və diplomatik sferada diqqət çəkir.
Maraqlıdır, Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın ölkəmizə səfərinin əsas məqsədi nədir? BƏƏ ilə münasibətlərin inkişafı rəsmi Bakıya nə vəd edir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqarlı deyib ki, Azərbaycanın Ərəb liqası ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri ilə yaxın münasibətləri var və bu hər iki tərəf üçün xüsusi əhəmiyyət kəsb edir:
“Ərəb dövlətləri həm Vətən müharibəsinə qədər, həm müharibə zamanı, həm də ondan sonrakı dönəmlərdə Azərbaycana siyasi dəstək verib.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ilə yanaşı, Qoşulmama Hərəkatında da ərəb ölkələri ilə əməkdaşlıq edir. İkili münasibətlərin inkişafında Prezident İlham Əliyevin xüsusi rolu var. Dövlət başçısı ərəb ölkələri ilə münasibətlərə böyük əhəmiyyət verir. Bu baxımdan ərəb dövlətləri ilə Azərbaycan arasındakı münasibətlərdə yeni mərhələnin başlandığını deyə bilərik.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana rəsmi səfəri bundan sonra münasibətlərin inkişafında mühüm rol oynayacaq.
BƏƏ işğaldan azad edilən ərazilərin bərpası, habelə yaşıl enerji istiqamətində əməkdaşlıq etdiyimiz ölkədir. Xüsusilə BƏƏ-nin “Masdar” şirkəti ilə yaşıl enerji sahəsində sazişlər imzalanıb.
Bu ilin mart ayında təməli qoyulan Qaradağ Günəş Elektrik Stansiyasının icrası, Qarabağ bölgəsində, həmçinin Xəzər dənizində, o cümlədən sahilə yaxın adalarda külək və günəş enerjisi layihələri, “yaşıl” hidrogen və enerji səmərəliliyi üzrə əməkdaşlıq məsələləri tez-tez iki ölkə rəsmiləri səviyyəsində müzakirə edilir.
Azərbaycan “yaşıl enerji” kursunun həyata keçirilməsində Birləşmiş Ərəb Əmirlikləri və onun qlobal nüfuza malik “Masdar” şirkəti ilə tərəfdaşlıqdan məmnundur. Qaradağ Günəş Elektrik Stansiyası iki ölkə arasında yeni əməkdaşlıq əlaqələrinə yol açıb.
“Masdar” Azərbaycanda irihəcmli külək və günəş enerjisi üzrə investisiya layihələrində iştirakda maraqlıdır”.
Turan Rzayev
Globalinfo.az














