“Bayer” – “Qarabağ” matçının qırılma nöqtəsi…

Martın 14-də “Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxıb. “BayArena” stadionunda oynanılan görüş “Bayer Leverkuzen”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Globalinfo.az-a oyunun gedişatı və nəticəsini şərh edən əməkdar jurnalist, idman yazarı Aydın Bağırov deyib ki, hər iki komandaya növbəti mərhələyə keçmək üçün qələbə lazım idi:

“Qarabağ” növbəti mərhələyə keçmək istədiyini gizlətmirdi. Bu mesajın verilməsi belə Azərbaycan futbolu üçün uğur göstəricisidir. Yəni biz də artıq 1/4 finala keçmək haqqında düşünürük. Rəqib də 37 oyun uduzmayan “Bayer” idi. Onlar çox ciddi hazırlaşmışdılar. Bu, dünənki oyundan da aydın olurdu. İlk dəqiqədən “Bayer”in güclü həmlələrinin şahidi olduq, lakin “Qarabağ” da toparlanmağı bacardı. Sona qədər böyük əzmkarlıq nümayiş etdirdi. Amma burada məsələ Elvin Cəfərquliyevin 64-cü dəqiqədə qırmızı vərəqə alması deyildi, ustalıq baxımdan “Bayer” “Qarabağ”ı çox üstələmişdi. Bu gün həmin komandanın qarşısında duruş gətirmək mümkün deyil. “Bavariya” kimi nəhəngi 3:0 hesabı ilə udmuşdu.

Qırmızı vərəqə qırılma nöqtəsi idi. Bu, verilməyə bilərdi. Elvin Cəfərquliyev sona qədər davam etsəydi, oyunun sonu fərqli olacaqdı. Ümumiyyətlə, səhvlər çox oldu, müdafiədə boşluqlar var idi və qollar da buna görə buraxıldı. “Qarabağı” bu mübarizə əzminə görə yalnız alqışlamaq lazımdır. Avropa Liqasını ləyaqətlə tərk etdi”.

Safura Bənnayeva
Globalinfo.az