Tezliklə “qılıncların” səsi eşidiləcək – Münaqişə yenidən alovlanır

“ABŞ Prezidenti Co Baydenlə Çin Sədri Si Szinpinin görüşünü iki supergücün mövqelərini bir-birinə uyğunlaşdırmaq baxımdan faydalı hesab etmək olardı. Amma etmək olmur, çünki nə Çin, nə də ABŞ özünün qlobal qüdrətini təmin etmək meyillərindən əl çəkir”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Aqşin Kərimov deyib.

Onun sözlərinə görə, Çin sürətlə ABŞ-ın önünə keçir, artıq siyasi mövzularda belə Pekin Vaşinqtonun əlindəki ipləri qırıb, özünə xeyir qazandırır:

“Üstəgəl, iki nəhəngin maraqlarının toqquşduğu məkanlar bir deyil, iki deyil – bunların isə geniş miqyasda sövdələşmə predmetinə çevrilməsi mümkünsüzdür.

Hesab edirəm ki, cənab Bayden Çin liderindən onun qarşısına keçməməsi üçün minnətçi düşüb, hərçənd Pekin hələ Vaşinqtonun qlobal qüdrətini ötüb keçməyib. Amma Çin ABŞ-ın “qırmızı cizgi”lərinə toxunmaq həddinə qədər çatır və Vaşinqton rastlaşdığı geosiyasi itki risklərinə Çindən qaynaqlanan əlavə problemlər yüklənməsini istəmir.

Aqşin Kərimov

Düşünürəm ki, Baydenlə Szinpinin danışıq rejimi qarşılıqlı güzəşt kanalları tapmaq üçün vacib idi, ancaq belə bir kanal inşa etmək mümkünsüz görünür. Məncə, Bayden-Szinpin danışıqlarının əks-sədası bu yaxınlarda çıxacaq və daha çox Pekinin qaldırdığı “qılıncların” səsi eşidiləcək.

Asiya-Sakit Okeanı regionu, Yaxın Şərq, Afrika, Avropa – bu regionlar üzrə qaynama tendensiyalarının baş verəcəyinə inanıram.

Çinin Tayvan üzərində suverenliyini bərpa etmək əzmini göstərməyinin və ABŞ-ı qıcıqlandırmaq üçün aktiv hərəkətlərinin şahidi ola bilərik”.

Turan Rzayev
Globalinfo.az