Dünyanı dəyişəcək savaş başlayır: General məxfi məlumatı sızdırdı

 

ABŞ və Çin arasında Tayvan uğrunda müharibə 2025-ci ildə başlayacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı NBC televiziyası ABŞ Hərbi Hava Qüvvələrinin generalı Mayk Minixanın öz tabeliyindəkilərə göndərdiyi məktuba istinadən yayıb.

“Ümid edirəm ki, yanılıram. İntuisiyam deyir ki, döyüş 2025-ci ildə olacaq” – deyə məktubda yer alıb.

Generalın fikrincə, Çin 2024-cü ildə ABŞ-da baş tutacaq seçkidən istifadə edərək, ada üzərində nəzarətini bərpa etməyə çalışacaq.

Televiziyanın yaydığı məktubun orjinallığını artıq ABŞ Hərbi Hava Qüvvələrinin Komandanlığı da təsdiq edib. Bununla belə komandanlıq generalın tapşırığının daha çox ABŞ Hərbi Hava Qüvvələrinin Çinin çəkindirmək mümkün olmayacağı təqdirdə konfliktə hazırlaşmağa əsaslandığını bildirib. Pentaqon da Hərbi Hava Qüvvələrinin açıqlamasını dəstəkləyib. Lakin Müdafiə Nazirliyi Minixanın açıqlamalarının Vaşinqtonun Çinlə bağlı hazırkı mövqeyini əks etdirmədiyini bildirib.

Qeyd edək ki, Çinlə ABŞ arasında gərginlik özünün pik səviyyəsinə qalxıb. Pekin Vaşinqtondan adaya silah tədarükünün dayandırılmasını tələb edərək, bunun “vahid Çin” konsepsiyasına zidd olduğunu deyir. Tayvan isə öz növbəsində Çinin Ukrayna müharibəsindən istifadə edərək, adaya hücum planlaşdırdığını bildirir. ABŞ artıq həm Bayden, həm də digər rəsmilər səviyyəsində Çin müdaxiləsi halında adaya öz qoşunlarını göndərəcəyini bildirib. Üstəlik, mövcud vəziyyətə görə Yaponiya, Hindistan və Avstraliya ilə hərbi əməkdaşlıq tarixi maksimuma çatdırılıb. Pekin isə hələ də adaya hücum etmək niyyətinin olmadığını, amma zərurət yaranacağı halda bunu edəcəyini bildirir. Analitiklər isə Çinin buna həm öz hərbi gücünü təsdiqləmək, həm də keçən il ərzində çevriliş cəhdi yaşayan Si Szinpinin hakimiyyətini gücləndirmək və dəstəyini artırmaq mənasında yanaşdığını iddia edirlər.

Gülnar Səlimova
Globalinfo.az