Baydenin oğlu prokuror qarşısında: kokain, qanunsuz silah…

ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenə qarşı cümə axşamı rəsmi ittiham irəli sürülüb. Prokurorlar onun kokaindən istifadə etdiyi bir vaxtda qanunsuz olaraq silah aldığını və odlu silahı ala bilmək üçün narkotikdən istifadəsi ilə bağlı yalan danışdığını iddia edirlər.

Globalinfo.az amerikaninsesi.org-a istinadən bildirir ki, prezidentin 53 yaşlı yaşlı övladının ittiham edilməsi ilə 2024-cü il ABŞ prezidentliyinə seçki kampaniyasına yeni bir amil əlavə olunub. Co Bayden yenidən seçilmək üçün namizədliyini irəli sürüb, onun aparıcı Respublikaçı rəqibi, sabiq prezident Donald Tramp isə 91 ittihamı əhatə edən misli görünməmiş dörd cinayət təqibi ilə üzləşir.

Gənc Bayden gələcək aylarda silahla əlaqədar ittihamlar üzrə mühakimə oluna bilər.

İki ittiham Hanter Baydenin silah almaq üçün lazım olan vərəqəni doldurmasından irəli gəlir. Onun 2018-ci ilin oktyabrın ayında Delaver ştatının Vilminqton şəhərində Colt Cobra Special silahını aldığı zaman vərəqədə narkotikdən istifadə etmədiyi və ya aludəçisi olmadığını qeyd edib. Üçüncü ittihamda onun narkotik istifadəçi kimi silaha sahib olduğu iddia olunur.

Baydenin oğluna ittihamın irəli sürülməsi gözlənilməz bir hal deyildi. Belə ki, xüsusi prokuror Deyvid Vays bir neçə gün öncə ittihamların sentyabrın sonunadək irəli sürüləcəyini elan etmişdi.

Vəkillər siyasi təzyiqə istinad edir

Hanter Baydenin vəkili Abbe Louel Vaysı prezidetin oğluna ittiham irəli sürməklə Respublikaçılar tərəfindən siyasi təzyiqə boyun əyməkdə ittiham edib.

“Hanter Baydenin 11 gün ərzində boş silaha sahib olması ictimai təhlükəsizliyə təhdid deyildi, ancaq təsəvvür edilə bilən bütün səlahiyyətlərə sahib bir prokurorun siyasi təzyiqə boyun əyməsi bizim ədliyyə sistemimizə ciddi təhlükə yaradır,” Louel deyib.

Prokurorun ittiham aktını elan etməsi iyulda Hanter Baydenin iki vergi itithamı üzrə günahını etiraf etməsi və böyük ehtimalla həbsdən yayınması, eləcə də heç bir qanun pozuntusu yaşamadan və bundan sonra heç vaxt silah sahibi olmamağa razılaşaraq silahla əlaqəldar ittiham üzrə məhkəmə təqibi ilə üzləşməməsi ilə bağlı razılığın iflasa uğramasından sonraya təsadüf edib.

Co Bayden

Təqsirin etiraf edilməsi müqabilində sövdələşmə Hanter Baydenin vəkillər və prokurorlar məhkəmədə onun sövdələşmənin bir parçası olaraq Vaysın Baydenə son illərdə Ukrayna və Çindəki biznes sövlədəlşmələrindən ödənilən milyonlarla dollar pulla bağlı davam edən araşdırması ilə əlaqədar hər hansı məhkəmə təqibindən həmişəlik toxunulmazlıq verib-verməməsi üzərində razılığa gəlməməsi ilə iflasa uğrayıb.

Hanter Baydenin vəkilləri iyulda keçirilən məhkəmə iclasında iddial ediblər ki, onların təqsirin etiraf edilməsi müqabilindəki sövdələşmədən çıxardığı nəticə o idi, Bayden bundan sonra xaricdəki qazancları və biznes sövdələşmələri ilə əlaqədar məhkəmə təqibi ilə üzləşməyəcək. Ancaq prokurorlar bunun belə olmadığını deyib. ABŞ Mahal hakimi Mariellen Noreika məhkəmə prosesini başa çatdırıb, Vays isə təhqiqatını davam etdirəcəyinə söz verib.

Müdafiə vəkilləri iddia edir ki, təqsirin etiraf edilməsi müqabilində ilkin sövdələşmə altında Baydenə xüsusi təlim proqramında iştirak etməklə həbsdən yayınmağı təmin edən müddəa qüvvədə qalır. Prokurorlar isə iddia edir ki, “silahdan yayınmaq” adlanan həmin müddəa heç vaxt qüvvəyə minməyib.

Silah almaqla bağlı ittihamdan əlavə Hanter Bayden hələ də vergi ittihamları və xaricdə biznes sövdələşmələri ilə bağlı mühakimə oluna bilər.

2024 seçki kampaniyası

Hanter Baydenin işi qısa zamanda ABŞ-da 2024-cü il seçki kampaniyasının ayrılmaz hissəsinə çevrilib.

Tramp və onun Konqresdəki siyasi tərəfdarları, heç bir sübut irəli sürmədən, iddia ediblər ki, Prezident Bayden Hanter Baydenin xaricdəki biznes sövdələşmələrindən milyonlarla dollar pul qazanıb. Bəzi Respublikaçılar prezident və onun qohumlarını “Bayden cinayət ailəsi” kimi xarakterizə edirlər.

Prezident Bayden oğlu vasitəsilə belə bir pul aldığını inkar edib və bir nöqtədə gülərək “Bu pul hardadır?” deyərək cavab verib. ABŞ lideri həmçinin oğlunun bizneslərinə cəlb olunduğunu da inkar edib.

Hanter Baydenin bir iş ortağı, Devon Arçer, Konqresdə ifadə verərək, Hanter Baydenin, bəlkə də dostlarında Vaşinqtonda ailəsinin gücünə çıxışının olduğuna dair təsəvvür yaratmaq məqsədilə, biznes tərəfdaşları ilə restoranlarda şam yeməyində ikən tez-tez atasına zəng etdiyini bildirib.

Ancaq Arçer həmçinin Nümayəndələr Palatası komitəsinə deyib ki, “Məncə siz başa düşməlisiniz ki, sərmayə cədvəli və ya qonorar və ya buna bənzər bir şey haqda biznes söhbəti olmurdu. Söhbət sadəcə olaraq ümumi incəliklər və ümumiyyətlə coğrafiya, hava və bənzər şeylər haqda olurdu.”

Komitə araşdırmaları

Nümayəndələr Palatasının spikeri Kevin MakKarti bu həftə üç Konqres komitəsinə prezidentin oğlunun biznesləri ilə hər hansı əlaqələri və ona ödənilən milyonlarla dollarla bağlı impiçment araşdırması başlatmalarına göstəriş verib.

MakKarti deyib ki, Nümayəndələr Palatasının Respublikaçıları “Prezident Baydenin davranışları ilə bağlı ciddi və etibarlı iddialar üzə çıxarıblar.”

“Bunlar səlahiyyətdən sui-istifadə, əngəl və korrupsiya ittihamlarıdır,” o deyib. “Bunlar Nümayəndələr Palatası tərəfindən əlavə təhqiqat tələb edir.”

Respublikaçıların, Bayden ailəsinin tənqidçilərinin iddia etdiyi kimi, Co Bayden 2009-cu ildən 2017-ci ilədək vitse-prezident ikən Hanter Baydenin ona pul göndərib-göndərmədiyini və ya onun atasının şəxsi xərclərinin bəzilərini ödəyib-ödəmədiyini müəyyən etmək üçün prezidentin bank hesabı məlumatlarını görmək istəyəcəkləri gözlənilir.

Ağ Ev və Konqresdəki Demokratlar impiçment araşdırmasını kəskin tənqid edib və bildirib ki, araşdırmanı aparan Nümayəndələr Palatasındakı Respublikaçılar Co Baydenin qanunu pozduğuna dair hər hansı sübut irəli sürməyiblər.