Bayden

Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, ABŞ Prezidenti Co Bayden Şimali Koreya lideri Kim Çen İnlə Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsini müzakirə etmək üçün ilkin şərt olmadan görüşməyə hazırdır.

“Bu təklifə müsbət cavab vermədilər, amma hələ də qüvvədədir. Biz ilkin şərt olmadan oturub danışıqlar aparmağa hazırıq”, – Kirbi bildirib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, görünür, Bayden özündən əvvəlki prezident Donald Trampın siyasətini davam etdirmək istəyir:

“Tramp hakimiyyəti dövründə bir neçə dəfə Kim Çen İnlə görüşüb. Hətta belə bir təəssürat yaranmışdı ki, o, Şimali Koreya ilə nüvə probleminə son qoya bilər. Şimali Koreyanın nüvə silahına sahib olması təkcə ABŞ-ı deyil, digər region ölkələrini də ciddi şəkildə narahat edir. ABŞ buna görə bu problemi qısa zamanda həll etmək istəyir.

elxan sahinoglu 4

Elxan Şahinoğlu

Lakin Baydenin indiki zamanda bu məsələyə fokuslanması heç də təhlükəsizlik məsələsi ilə bağlı deyil. Məlum olduğu kimi qarşıdan prezident seçkiləri gəlir. Donald Tramp yenidən namizədliyini irəli sürə bilər. Bayden bu ehtimalı nəzərə alıb Trampın ən böyük seçki “kozur”unu əlindən almaq istəyir”.

Politoloq qeyd edib ki, Şimali Koreya lideri Baydenin görüş təklifinə müsbət cavab verə bilər:

“Lakin görüşün müsbət nəticələnəcəyini düşünmürəm. Şimali Koreya nüvə fəaliyyətindən əl çəkməyəcək. Kim Çen İn hər nə qədər diktator olsa da, belə bir qərarı təkbaşına verə bilməz”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: