
ABŞ Prezidenti Co Baydenin koronavirusa yoluxması xəbəri ekspertlərdə fikir ayrılığı yaradıb. Bir çoxları Baydenin hazırkı qarışıq durumda bu yolla proseslərdən uzaqlaşdığını düşünür.
Burada bir maraqlı məqam budur ki, dünyada pandemiyanın bitdiyini, koronovirusun qurtardığını elan edən Bayden indi özü bu virusa yoluxdu. Amerika prezidentinin belə bir davranışı həm seçki gərginliyi, həm də Donald Trampa olan sui-qəsd cəhdini yumşaltmaq üçün düşünülə bilərmi?
Mövzunu Globalinfo.az-a şərh edən professor, tibbi ekspert Adil Qeybulla koronavirus pandemiyasının rəsmən bitdiyini qeyd edib.
O deyib ki, pandemiya bitsə də, ayrı-ayrı epidemik ocaqları qalır:
“Çünki bütün dünyada xəstəliklə mübarizə eyni təsiri vermədi. Səbəb də odur ki, vaksinasiya vaxtında effektiv aparılmadı. Düzdür, vaksinasiya sayəsində infeksiya zənciri qırıldı və pandemiyanın qarşısını almaq mümkün oldu. Amma proses hələ davam edir və onun tamamilə bitdiyini demək olmaz.

Adil Qeybulla
Lakin pandemiyanın bitməsi sirr deyil. Baydenin xəstələnmə məsələsinə gəlincə isə, bilirsiniz, Amerika cəmiyyəti kifayət qədər açıq cəmiyyətdir və burada hansısa bir səhv məlumatlar sonradan həmin şəxsinin özünə qarşı işləyə bilər. Ona görə də Baydenin belə bir şey etdiyini düşünmürəm. Sadəcə, Baydenin immun sisteminin zəif olması, yaşı və s. onun koronavirusa yoluxmasına dəlalət edə bilər. Həm də psixoloji sarsıntılar, son vaxtlar baş verən seçki yorğunluğu da ABŞ prezidentinin xəstələnməsinin real olduğunu göstərir”.
Adil Qeybullanın fikrincə, Co Baydenin xəstələnməsi xəbərinin təməlində hər hansı bir hiylə yoxdur:
“Amma bunu tam da inkar etmək olmaz. Bilirsiniz ki, həm cəmiyyətdə, həm demokratlar arasında Baydenə qarşı böyük təzyiq var. Yəqin ki, həmin təzyiq artıq öz nəticəsini verir. Bayden də yarışdan müəyyən bir ləyaqətlə ayrılmalıdır. Hər halda öz personasının işartılarını cəmiyyətdə qorumaqla getməlidir. O baxımdan da etdikləri başa düşüləndir. Fikrimcə, Bayden qalib gəlsə də, onun qarşıdakı 4 ildə prezidentliyini effektiv şəkildə həyata keçirilməsi qaranlıq görünür”.
Zaira Akifqızı
Globalinfo.az