Başqa yolu yox artıq!..

Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu ərazisində yaşayan ermənilər yaxud onların adından danışmaq gücü olanlar böyük yanlışlıq etdi.

Müstəqil Azərbaycan dövlətinin növbəti dəfə konstruktiv mövqe nümayiş etdirməsini, Qarabağda yaşayan ermənilərin nümayəndələrini reinteqrasiya, infrastruktur məsələləri ilə bağlı müzakirə aparmaqçün Bakıya dəvət etməsi onlara verilən (bəlkə də) son şansıydı. Niyə məhz bu cümlələri qurur, məhz bu cümlələrdəki mövcud sözləri işlədirəm? – Bizim Qarabağımızdakı sadə ermənilərin, əli qana batmamış, müharibədən zərər görmüş yaxud öz tayfalarının ədalətsizliyini idrak etmiş ermənilərin heç də imtina modunda olduğunu düşünmürəm. Düşünmürəm ki, onların adından danışıqlarda iştirak etmiş yaxud edəcəyi gözlənilənlər ədalətli seçimlə müəyyənləşib. Yəni orada bir rəsmi struktur olmadığı üçün hansısa təyindən, hansısa ədalətli müəyyənlikdən danışmaq mümkünsüzdür. Beləliklə, ermənilər adından danışan yaxud danışması gözlənilənlər nəcabəti, ədaləti, əsaləti, sadə insanların istək və arzularını təmsil etmir. Bununla belə yüksək humanizm nümayiş etdirən Azərbaycan dövləti siyasi iradə ortaya qoymuşdu. Bu iradə onların ədalətli, ləyaqətli və firavan yaşamını təmin etmək yoluna çıxış vəd edirdi. Artıq keçmiş zamanda danışmağımız təsadüfi deyil. Əlbəttə, Qalib dövlətlə nazla, ərkəsöyünlüklə, arapozanlıqla, qaydatanımazlıqla danışmaq olmaz! İlla da hər kəlmədə Dəmir Yumruğun yerində olmasını xatırlatmalıyıqmı? O Dəmir Yumruğun kölgəsinə sığınmaq bir ovuc erməni sakin üçün ən yaxşı nicat yoluydu. Əgər istəmədilərsə, istəyə bilmədilərsə, necə deyərlər, günah bizdən keçdi.

Bəli, ermənilər öz bekara gələnəklərinə sadiq qalaraq Qalib Azərbaycan dövlətinin humanist təklifindən – əla fürsətdən imtina etdi. Bu nə demək olur? – O demək olur ki, ermənilər dövlət-vətədnaş təmaslarının inkişafına konstruktiv münasibət bəsləyə bilmədi; gündəmdə olan məsələlərə gərəkli münasibət göstərə bilməməklə, həm də mövcud durumdan düzgün sonuc çıxarmadıqlarını göstərdilər.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, onların başqa çıxış yolu yoxdur! – Ya təmasları davam etdirərək – bu məsələdə konstruktiv mövqe göstərərək reinteqrasiya prosesini qəbul etməlidirlər ya da ƏRAZİNİ TƏRK ETMƏLİDİRLƏR! Mövcud durumun perspektivi və məsələnin həlli üçün üçüncü yol yoxdur! Rəhmətlik Ozan Arif necə deyirdi? – “Başqa yolu yox artıq”!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər Qoşalı
Globalinfo.az