Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Partiyası (AXP) sədri Pənah Hüseyn seçkilərin nəticələrinə etiraz olaraq sədrlikdən istefa verə biləcəyini açıqlayıb. O deyib ki, AXP sədrliyindən istefa verməyi düşünür və partiyaya özünü buraxmağı tövsiyə edəcək.
P.Hüseynin sözlərinə görə, istefa ilə bağlı partiyanın idarə heyətində müzakirə aparılacaq. Həmçinin söyləyib ki, 2025-ci ilin yanvar ayında partiyanın qurultayının çağırılmasını təklif edir.
Digər partiyalar Pənah Hüseynin bu yanaşmasını necə dəyərləndirir?
Globalinfo.az-a danışan Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə qeyd edib ki, bu, Pənah Hüseynin şəxsi mövqeyidir:
“Seçki prosesində qalibiyyət və məğlubiyyət olur. Bu proses arzuolunan formada və ya tam əks istiqamətdə də keçirilə bilər. Zaman-zaman bəzi seçkilərdə saxtakarlığa yol verildiyinin də şahidi olmuşuq. Lakin buna baxmayaraq biz öz yolumuza davam edirik. Azərbaycanda demokratikləşmə, yeni cəmiyyət quruculuğu istiqamətində müasir dünya ilə birgə hərəkət etməyin yollarını axtarırıq. Elə həmin istiqamətlərdə fəaliyyətimizi davam etdirəcəyik. Əsla geri çəkilmək olmaz. Pənah bəy isə çağırışlarında və səsləndirdiyi fikirlərdə sərbəstdir. Lakin geri çəkilməyin nəyisə dəyişəcəyini düşünmürəm”.
AĞ Partiya başqanı Tural Abbaslı isə məsələyə belə münasibət bildirib:
“İstefa və partiyanın buraxılması ilə bağlı məsələ Pənah bəyin hüququ və öz seçimidir. İstefa vermək barədə dəqiq qərar yoxdur, sadəcə bu istiqamətdə düşündüyünü bildirib. İstənilən qərara hörmətlə yanaşırıq. Seçkilərin nəticələrinə etiraz əlaməti kimi bu qəbildən addım atmaq – istefa vermək, yaxud da partiyanı buraxmaq kimi fikrimiz yoxdur”.
Safura Bənnayeva
Globalinfo.az