Fransa və Almaniya niyə Ukraynanı ABŞ qədər dəstəkləmir? – Politoloq səbəbini açıqladı

Almaniyadan sonra Fransa da Ukraynaya tank verməyə tərəddüd edir.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron Parisdə Almaniya Kansleri Olaf Şoltsla birgə mətbuat konfransında bildirib. O, tanklar veriləcəyi halda 3 şərt irəli sürüb.

Makronun bu 3 şərti bəzi ekspertlər tərəfindən bəhanə adlandırılıb. Politoloq Elxan Şahinoğlu isə öz şərhində Parisin və Berlinin bu addımını Ukrayna müharibəsini ABŞ-nin üstünə yükləmək kimi qiymətləndirib. Lakin burada başqa strateji səbəb ola bilər. Avropa Birliyinin iki aparıcı dövləti olan Almaniya və Fransa yaxşı bilirlər ki, Rusiya Ukraynada məğlub edilsə, ABŞ-nin dünya hegemonluğu artacaq. Vaşinqton bu zaman Avropanı sözün bütün mənalarında tam işğal edə bilər. Bir çox analitiklərin bildirdiyinə, beynəlxalq medianın yazdığına görə Avropa Birliyi ABŞ-nin hegemonluğundan təngə gəlib. Bir də Ukrayna müharibəsində Rusiyaya əzici üstünlüklə qalib gələrsə, Amerikanın qarşısında dayanmaq çətin olar. Görünür Fransa və Almaniya bunu hesablayıb Ukraynaya hərbi dəstək verməmək üçün bəhanələr yaradırlar.

Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyeva Globalinfo.az-a mövzunu şərh edərkən bildirib ki, ABŞ-dən fərqli olaraq nə Fransa, nə də Almaniya Ukrayna mövzusunda Rusiya ilə hesablaşmaq istəmir:

“ABŞ-nin istəyi Ukraynadakı proseslərdən istifadə edərək Rusiya ilə hesablaşmaqdır. Amma bu istək nə Fransa, nə də Almaniyada yoxdur.

Almaniyada ona görə yoxdur ki, Rusiya bu ölkədə xarici investor qismində birinci dövlətdir, investisiya, maliyyə və enerji dairələrində söz sahibidir. Ümumiyyətlə, Avropanın enerji təhlükəsizliyində Rusiyanın operator ölkəsi də məhz Almaniya idi. Həm də ortaq dövlət təcrübəsi var. Hələ Almaniya birləşməmişdən öncə Rusiya SSRİ dövründə qurduğu əlaqələr sayəsində indi də Almaniyada çox güclü mövqeyə sahibdir”.

Y.Hacıyevanın sözlərinə görə, Fransada isə vəziyyət fərqlidir:

“Almaniyanın məqsədi dövlətin marağı ilə, yəni Almaniya dövlətində Rusiyanın rolu ilə bağlıdır. Fransada isə bu, Makron hakimiyyətində Rusiyanın oynadığı roldur. Fransada Rusiyanın təsir dairələri kimi aktiv lobbi qrupları var. Bu qruplar seçkilərdə Emmanuel Makronun xeyrinə fəaliyyət göstərdilər. Əsas erməni lobbi qrupu olmaqla, Yaxın Şərqdən olan PKK və müsəlman qrupları Fransa siyasətində mütəşəkkil qrup kimi iştirak edirlər.

E.Makronun prezident seçilməsində və partiyasının uğurunda Rusiyanın maliyyəsi rol oynayıb. Rusiyanın Almaniyada dövlətdə rolu varsa, Fransada hakimiyyətdə və Makronun karyerasında rola malikdir”.

Gülnar Səlimova
Globalinfo.az