Azərbaycanda bank rəhbərlərinin fantastik maaşı… – Bu məbləğləri kimlər təyin edir?

Azərbaycan banklarında rəhbər heyətlərin fantastik məbləğdə məvacib alması ictimaiyyətdə müzakirələrə səbəb olub. Müzakirələrin məğzi isə odur ki, rəhbərlərin maaşı hansı əsasla, qanunla, normativlə müəyyən edilir?

Bu günlərdə Azərbaycan Beynəlxalq Bankının (ABB) rəhbərliyinin illik gəliri haqda mediada məlumat yayıldı. Məlum oldu ki, vaxtilə dövləti çox böyük məbləğdə borca salan bu bankın rəhbərliyində təmsil olunan şəxslər orta hesabla ildə 350 min manata yaxın məvacib alır.

“Azpolitika”nın araşdırmasında bildirilir:

“Mətbuatda dərc edilən məlumatdan aydın olur ki, ABB-nin rəhbərliyi 2023-cü ildə 18 milyon 436 min manat gəlir əldə edib. Bu, 2022-ci ilə nisbətən 19,6% və ya 3 milyon 19 min manat çoxdur. Belə ki, 2022-ci ildə bankın rəhbərliyinin gəlirləri 15 milyon 417 min manat təşkil edib. Bankdan qeyd edilib ki, bu ödəniş Bankın İdarə Heyəti üzvlərinə, Baş direktorlara, departament rəhbərlərinə, Agile sahə rəhbərlərinə, sədr müşavirlərinə, Audit Komitəsinin üzvlərinə (bunlar hamısı birlikdə 54 nəfər təşkil edir) ödənilən ümumi məbləğdir”.

ABB İdarə Heyəti sədr Abbas İbrahimovla birlikdə 7 nəfərdən ibarətdir. Baş direktorların sayı isə 4-dür. Bankın ictimaiyyətə açıqlanan məlumatında deyilir. Təxmini hesablamalara görə, 2023-cü ildə bank rəhbərliyində təmsil olunan hər bir şəxsin orta illik gəliri 341.4 min manat təşkil edib. 2022-ci il üzrə bu rəqəm 308.3 min manat (50 nəfər üzrə) olub.

 

ABB-nin rəhbər heyəti

Saytın bildirdiyinə görə, bank rəhbərliyində 54 nəfərin hamısının maaşı eyni deyil və vəzifə ranqına uyğun olaraq dəyişir:
“Məsələn, həmin 54 nəfərin içində olan sədr müşaviri ilə sədrin özünün maaşı arasında böyük fərq var. Deməli, ortalama gəlir 341 min manatdırsa, bankın idarə heyətindəki 7 nəfərin və 4 baş direktorun gəliri təxminən 500 min manat civarındadır, bəlkə də daha çoxdur”.

Ümumiyyətlə, bank rəhbəri hansı meyarla illik 500 min manat məvacib alır?

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı Globalinfo.az-a danışıb.

O bildirib ki, özəl banklarda maaşı bank idarəçiləri təyin edir:

“Qurum özəl olduğu üçün idarəçilər istənilən məbləğdə əməkhaqqı müəyyənləşdirirlər. Onlar öz direktorlarına maaşla bərabər istənilən bonusu yaza bilirlər. Bu, təsisçilərdən və bankın idarə heyətindən asılıdır. Yəni hər hansı bir məhdudiyyət yoxdur. Yeganə məsələ onların vergi öhdəliyidir. Azərbaycanda ayda 8 min manatdan çox maaş alanların vergi yükü var. Həmin şəxslər qazanclarından dövlətə vergi verməlidirlər. Yeganə kriteriya, nəzarət mexanizmi vergilərdən ibarətdir”.

Bu da sizə maraqlı ola bilər: Azərbaycanın bu məşhur bankında nə baş verir? – Milyardlar oğurlanmışdı, indi isə…

Zaira Akifqızı
Globalinfo.az