Bakıya yaxşı, İrəvana pis xəbər: “3 məqama hazır olmalıyıq”

Bakıya yaxşı, İrəvana pis xəbər: "3 məqama hazır olmalıyıq"

Regionda və dünyada yaranmış mürəkkəb geosiyasi, hərbi vəziyyətin Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə necə təsir edəcəyi sualı aktullaşıb. 

Bəzi ekspertlərin fikrincə, dünya ölkələrinin başı hərbi toqquşmalara qarışmışkən, xüsusilə İranın çətin durumda olduğu indiki məqamda dəhliz məsələsində həlledici mövqe Azərbaycana keçə bilər.

Mövcud gərginlik dəhliz və sülh müqaviləsi ilə bağlı prosesə necə təsir edəcək?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, İsrail raket hücumlarına cavab olaraq İranın qonşu ölkələrdəki müxtəlif hədəflərini atəşə tutacaq:

“Bu hədəflər arasında İranın hərbi müəssisələri və uranın zənginləşdirilməsi mərkəzlərinin olması ehtimalı yüksəkdir. İsrail İranda vurmağı planlaşdırdığı hədəfləri çoxdan müəyyənləşdirib. Beləliklə, proksi qüvvələr və casus şəbəkələri üzərindən illərdir davam edən İran-İsrail müharibəsi birbaşa toqquşma mərhələsinə qədəm qoyub, işin içində ABŞ da var.

Rusiya İranı dəstəkləsə də, prosesə müdaxilə etməyəcək, əksinə Qərbin diqqətinin Ukrayna müharibəsi üzərindən bir qədər yayınmasından öz məqsədləri üçün istifadə etməyə çalışacaq. Qonşuluğumuzdakı müharibə İranla bağlı müxtəlif nəqliyyat layihələrini arxa plana keçirəcək”.

Bakıya yaxşı, İrəvana pis xəbər: "3 məqama hazır olmalıyıq"
Elxan Şahinoğlu

Politoloqun sözlərinə görə, müharibənin uzanması halında vəziyyətin Azərbaycan üçün hansı təsirləri ola biləcəyi üzərində düşünmək lazımdır:

Birincisi, müharibə müddətində Azərbaycanın iştirakçısı olduğu “Şimal-Cənub” nəqliyyat dəhlizinin aktuallığı azalacaq;

İkincisi, toqquşmanın şiddəti artar və Dəməşqdəki proseslərin Tehranda da təkrarlanma ehtimalı güclənərsə, İran vətəndaşları qonşu ölkələrdə, o cümlədən Azərbaycanda sığınmağa çalışacaqlar.

Üçüncüsü, müharibə fonunda İrandakı mühafizəkar dairələrin İsraillə əməkdaşlıq edən Azərbaycana təzyiqi artacaq.

Bunlar ehtimallara əsaslanan proqnozlardır, biz heç birinin baş verməsini istəmirik. Bu arada, Ermənistanın Baş naziri Nikol Paşinyanın tərsliyindən əl çəkib Konstitusiya dəyişikliyinə getməsi və Azərbaycanla sülh sazişini imzalamağa hazır olması yerinə düşərdi. Çünki İrəvan bu müharibə fonunda ən pis ssenarilərə hazır olmaq məcburiyyətində qaldığının fərqindədir”.

Turan Rzayev
Globalinfo.az