Bakıya qarşı plan belə iflas oldu – Əliyevin bu xəbəri onları iflic etdi

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında mühüm məqamlara toxunub. Ölkə başçısı deyib ki, əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib.

“Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”, – dövlət başçısı bildirib.

Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, bir çox ölkələr qlobal problemləri, bizi gözləyən planetar təhdidləri, müzakirə edib həll yolu axtarmaq yerinə Azərbaycanı təhdid edib, əsasız iddialar ilə çıxış etməklə məşğuldur:

“Təəssüf ki, bu ölkələr real problemləri ya görmür, ya da görmək istəmir. Elə bir etapa gəlib çatmışıq ki, siyasi liderlər bir-biri ilə mübarizə aparmaq yerinə bu problemlərin həlli üçün birlikdə hərəkət etməlidir. Hadisələr onu göstərir ki, ümumi həmrəylik, konsensus yoxdur.

COP29 siyasi bir tədbir deyil. Tədbir iqlim və digər ekoloji problemlərin həlli üçün təşkil edilib, lakin bununla belə ölkəmizə qarşı qarayaxma kampaniyalarının getdiyini görürük. Bu gün Bakıda dünyanın gələcəyi müzakirə edilir, amma bəzi ölkələr üçün öz cılız maraqları planetin maraqlarından üstündür.


Zaur Məmmədov

Bu gün COP29-un boykot edilməsinin Azərbaycana heç bir mənfi təsiri yoxdur. Bu BMT-nin tədbiridir və edilən boykot BMT-yə edilir. Bundan başqa bu boykot həm də planetar məsələlərin müzakirəsinə edilir. Yəni göründüyü kimi Azərbaycanı hədəf gətirənlər etdikləri məsuliyyətsiz hərəkətin fəsadını görə bilmir”.

Ekspert deyib ki, COP29 tədbirində 196 ölkə və bu ölkəni təmsil edən şəxslər iştirak edir:

“Bu belə özlüyündə tədbirin baş tutduğunu və diqqətin çox olduğunu göstərir. Fransanın Kanadanın nümayəndəsi yoxdursa bu onların problemidir. Bir daha qeyd edim ki, COP29-u boykot etməklə heç nə əldə etmədilər. 72 min qeydiyyata alınmış iştirakçı var. Bu çox ciddi rəqəmdir. Və həm də boykotun fiaskoya uğraması deməkdir”.

Turan Rzayev
Globalinfo.az