Azərbaycanla Ermənistan arasında son günlər müşahidə edilən pozitiv danışıqlar və sülh atmosferi diqqət çəkir.
Son olaraq Kazanda baş tutan BRİKS+ platforması çərçivəsində iki ölkə liderinin görüşü, həmçinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Bakıda təşkil olunacaq COP29 sammitinə şəxsən dəvət olunması siyasi arenada müsbət dəyərləndirilir. Bəzi ekspertlərin fikrincə, sülh müqaviləsinin bu gedişlə çox yaxın zamanda imzalanması mümkündür. Lakin Bakının Ermənistanın Konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələbi qüvvədə qalır. İrəvan da buna qarşılıq olaraq Azərbaycanda Konstitusiya dəyişikliyi tələbini irəli sürür.
Saziş imzalanar və Zəngəzur dəhlizi açılarsa, Azərbaycanda konstitusiya islahatı ola bilərmi? Bu zaman ölkədə hansı istiamətlərdə dəyişikliklərin olması gözlənilər?
Məsələn, referendum keçirib, deputat sayının artırılması mümkündürmü?
Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, Zəngəzur dəhlizinin açılması həm iqtisadi, həm də kommunikasiya baxımından çox mühüm bir hadisə olacaq:
“Bu, Ermənistanla Azərbaycan arasında mümkün sülh üçün etibarlı zəmin formalaşdıracaq. Ancaq dəhlizin açılması, Azərbaycanda konstitusiya dəyişikliyinin zəruri olacağı mənasına gəlmir. Belə bir şeyə ehtiyac yoxdur.

Hikmət Babaoğlu
Ölkə konstitusiyası Azərbaycan xalqının iradəsi ilə qəbul edilib. Siyasi sistemimiz isə heç şübhəsiz, Azərbaycanın daxili ictimai-siyasi münasibətlərinin dinamikası ilə bağlıdır. Məlumdur ki, Azərbaycanda demokratik hüquqi dövlət mövcuddur. Vaxtaşırı demokratik islahatların keçirilməsi istiqamətində addımlar atılır. Əgər siyasi sistemimizdə yeni konfiqurasiya üçün əsaslar yaranar, proposional, ya da qarışıq sistemə keçməklə bağlı xalq sifarişi olarsa, o zaman konstitusiyanın dəyişdirilməsi mümkündür. Lakin bu, sadəcə ehtimaldır”.
Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Globalinfo.az-a deyib ki, Zəngəzur dəhlizi məsələsi və Milli Məclisdə deputatların sayı bir-birindən asılı deyil:
“İki məsələ arasında hansısa zəruri əlaqə yoxdur. Bu, vəziyyətdən asılı olaraq müzakirəyə çıxarıla, yaxud ümumiyyətlə çıxarılmaya bilər”.
Turan Rzayev
Globalinfo.az














