Bakının sülh üçün hədəflədiyi TARİX: “Paşinyan vaxt istəyir, lakin…”

Bakının sülh üçün hədəflədiyi TARİX: “Paşinyan vaxt istəyir, lakin...”

Ermənistan parlamenti müxalifətin “Hayastan” fraksiyasının Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası ilə bağlı təqdim etdiyi layihənin sessiyanın gündəliyinə daxil edilməsini rədd edib. Layihədə demarkasiya işlərinin 1991-ci il deyil, 1993-cü ilin sentyabrında MDB-yə daxil olduğu zaman xəritələrdə qeyd edilən təmas xəttinə əsasən aparılması təklif edilib.

Buna paralel olaraq isə hazırda Ermənistanın müxtəlif ərazilərində Qazaxın kəndlərinin təhvil verilməsinə qarşı aksiyalar keçirilir. Nikol Paşinyan hakimiyyəti ilə müxalifət arasında vəziyyət ciddi şəkildə gərginləşib. Baş nazir postunun dəyişməsi, hökumətin devrilməsi üçün çağırışlar edilir. Keçmiş rəsmi şəxslər, siyasət adamları hakimiyyətə qarşı yeni partiya və birliklər yaradırlar.

Bundan sonrakı müddətdə Ermənistanda siyasi proseslər hansı xətt üzrə irəliləyəcək? Paşinyan vəziyyəti nəzarətdə saxlamağı, müxalifəti sakitləşdirməyi bacaracaq, yoxsa bu mübarizə doğurdan da hakimiyyət dəyişikliyi ilə nəticələnəcək?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Rüstəm Tağızadə bildirib ki, hazırda Rusiyayönümlü müxalifət Ermənistanda hökuməti devirməyə çalışır:

“Qazaxın 4 kəndinin Azərbaycana təhvil verilməsi qərarından sonra Ermənistanda daxili etirazlar daha da şiddətləndi. Məsələ burasındadır ki, Rusiyayönümlü müxalifət və hərbçilər Qərbyönümlü siyasət yürüdən Nikol Paşinyan hökumətini devirmək istəyirlər. Lakin bu, o qədər də asan məsələ deyil. Eyni zamanda, sərhədlərin delimitasiya və demarkasiyası 1991-ci il Alma-Ata bəyannaməsinə uyğun olaraq aparılmalıdır. Çünki 1993-cü ildə Azərbaycan və Ermənistan arasında müharibə var idi. Həmin ilin xəritələri Azərbaycanın maraqlarına uyğun deyil. Sərhədlərin delimitasiya və demarkasiya prosesi ümumilikdə uzun çəkə bilər”.

Bakının sülh üçün hədəflədiyi TARİX: “Paşinyan vaxt istəyir, lakin...”
Rüstəm Tağızadə

Politoloq Azərbaycanın COP29 tədbirinə kimi sülh müqaviləsi bağlamaq niyyətində olduğunu qeyd edib:

“Lakin Ermənistanda hələ ki hökumətin başı etirazlara qarışıb. Paşinyan daxili auditoriyanı sakitləşdirmək üçün bir qədər vaxt qazanmaq istəyir. Təbii ki, anklav və eksklav kəndlərin hər biri Azərbaycana qaytarılmalıdır. Lakin Ermənistan tərəfindən səsləndirilən bəzi fikirlər, kəndlərin mübadiləsi məsələsi Bakının maraqlarına uyğun deyil. Hazırda İrəvan hökuməti ciddi sınaqla üz-üzədir. Onların əsas məqsədi müxalifəti sakitləşdirməkdir. Bu mübarizədə hakimiyyət dəyişikliyinin baş verməsi üçün xalqın əksər hissəsi ayağa qalxmalıdır. Hələ ki müxalifətin belə bir şey edəcək gücdə olduğunu düşünmürəm”.

“Ermənistandakı müxalifətin əsas dəstəkçisi Rusiyadır. Nikol Paşinyanın son dövrlərdə Qərbdən sərhədə müşahidəçilər gətirməsi, Rusiyanı qıcıqlandıran bir sıra addımlar atması da aksiyaların sayının artmasına səbəb olub. Hökumət ölkə daxilindəki etirazları, müxalifəti sakitləşdirməyi bacararsa, Azərbaycan və Ermənistan arasında münasibətlərdə yenidən normallaşma olacaq. Beləliklə, sülh müqaviləsi ilə bağlı prosesdə ilkin çərçivə sazişi də ilin sonuna kimə imzalana bilər”, – politoloq bildirib.

Ayşən Mustafa
Globalinfo.az