Bakının qatilləri azadlıqdadır – cinayətin üstü su ilə örtülüb, altında “qan” izi qalır

Son günlər yağan intensiv yağış paytaxtda yenə problem yaratdı. Bakının əksər küçələri, keçidləri su ilə dolub daşdı. Tıxaclar yarandı. Hərəkət iflic oldu. Bakıya azca yağış düşdüsə, vəssalam, həyat dayanır.

Məşədi İbadın sözü olmasın, artıq buna bir növ öyrəncəliyik. Öyrəncəli halımızla da deyinirik, danışırıq, narazılıq edirik.

Globalinfo.az bildirir ki, Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olduğu vaxtlarda bütün ictimai qınaq vektorları onun üzərinə yönəldilirdi. Əksəriyyətə elə gəlirdi, Bakının bütün problemləri Hacıbala Abutalıbova bağlıdır. Obrazı, imici o qədər zədəli idi, nə baş verirdi, suçlu göstərilirdi. İctimai şüurda “hər şeyin baiskarı Abutalıovdur” inancı özünə yuva qurmuşdu.

Hacıbala Abutalıbov: “İndi oğlanlarımın ataları mənəm deyə, özlərinə iş qurmamalıdırlar?” - MÜSAHİBƏ

Hacıbala Abutalıbov

Budur, H.Abutalıbov 5 ildən çoxdur vəzifədən gedib. Bakının yeni rəhbəri indi başqasıdır. Azərbaycanın iki böyük şəhərinin, paytaxtın iki əhəmiyyətli rayonunun icra başçısı işləmiş Eldar Əzizov 2018-ci ilin aprel ayından BŞİH-nin başçısı vəzifəsinə təyin olunub. Fəqət yağışlı günlərdə paytaxt küçələri yenə də qurşağa qədər su ilə dolur. Sosial şəbəkələrdə, mediada bu məsələlər barədə videolar, reportajlar da qurşağa çıxacaq qədər çox olur. Di gəl, çarə tapılmır.

Səməd Vurğunun “26-lar” poemasında bir misra var:

“Bakının dərdi var, Bakı xəstədir
Könül intizarda, göz yol üstdədir”

Tamam başqa tarixi şəraitdə, fərqli kontekstdə yazılmış bu poemadakı həmin fraza bütün dövrlərdə aktuallığını qoruyub saxlayır. Bakının dərdi, problemi bitmir, tükənmir.

Abutalıbov getdi, Əzizov gəldi, amma köhnə problem yenə də qalır. Bu məsələ şəxslərə, rəhbərlərə bağlı bir şey deyil. Əvvəldən infrastruktur düzgün qurulmayıb. Bakının kanalizasiya sistemi çökübsə, buna Hacıbala Abutalıbov neynəsin, Eldar Əzizov nə çarə qılsın?! Onlar kanalizasiya çəkmirlər axı. Bu işlə məşğul olan dövlət təşkilatlarının rəhbərləri zamanında elə bir korrupsiya əməllərinə qol qoyublar ki, onun fakturasını BŞİH rəhbərlərinin ayağına yazmaq sadəcə mümkün deyil. Demirik ki, paytaxt rəhbərlərinin bu məsələlərdə günahı yoxdur. Sadəcə problem qlobal olduğu üçün bir-iki məmur bunun öhdəsindən gələ bilmir.

Son 20 ildə Bakı çox yüklənib. Bu qədər binalar tikilib. Əhali sayı artıb. Amma kanalizasiya sistemi ötən əsrin 40-50-ci illərindən qalıb. Yenilənməsi üçün 100 milyonlarla pul lazımdır. Halbuki zamanında bu işin görülməsi üçün addımlar atılmalı idi. “Azərsu” ASC-ə bu işləri görmək üçün ayrılmış vəsaitin korrupsiya yeminə çevrildiyi barədə indiyə kimi çox yazılıb, deyilib. Buna görə Qorxmaz Hüseynov və digər məmurlar məsuliyyət daşıyırlar. Ortabab araşdırma Bakını ömürlük şikəst etmiş bu dəstənin dəmir barmaqlıqlar arasına salınmasına səbəb olar.

Qorxmaz Hüseynov “Azərsu”nu evdən idarə edir

Qorxmaz Hüseynov

Çıxış yolu kimi ekspertlər böyük şəhər bələdiyyəsinin yaradılmasını təklif edirlər. Bunun da dərdimizə dərman olmayacağını bəri başdan deməkdə fayda var. 20-30 illik problemi hansısa bələdiyyə sədri, komandası çözə bilməyəcək. Yenə də dönüb, dolaşıb deyirik: Bakının dərdi var. Həm də çox böyük dərdi…

Onu bu dərdə salanları “içəri” salmaq lazım idi ki, başqalarına da ibrət olsun.

Aydın Aslan
Globalinfo.az