Bakıdan Tiflisə qarşı “sükut dəqiqələri” – Səbəb nədir?

Rəsmi Bakı Fransanın Ermənistana göndərdiyi silahların Gürcüstan ərazisindən keçməsinə soyuqqanlı yanaşır. Pərdəarxasında bunun siyasi-diplomatik müzakirəsinin gedib-getmədiyi bəlli deyil.

Maraqlıdır, Gürcüstan Azərbaycanla münasibətləri korlamağa səbəb olacaq bu riski niyə gözə aldı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Fransa Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda yeni eskalasiya ssenariləri üzərində işləyir və əsas hədəf Rusiyanın Ermənistandakı yerini tutmaqdırsa, bu hədəfə gedən yolda vasitə kimi Azərbaycanla sərhəddə təxribatların törədilməsindən istifadə edilə bilər:

“Son proseslər göstərir ki, Fransa silahların Ermənistana çatdırılmasında israrlıdır. Bunun üçün iki mümkün yol var: biri İran, digəri Gürcüstan üzərindən.

İran həm Azərbaycanla normallaşan münasibətləri pozmamaq, həm də Qərblə qarşıdurmada olduğu üçün buna icazə verməz. Fransa üçün ən unikal yol Gürcüstandır. Hərçənd Bakı ilə münasibətlərin fonunda Tiflisin buna icazə verməsi diqqət çəkir. Fikrimcə, Tiflis bu istəyi geri çevirə bilməyib. Gürcüstan Avropa İttifaqına müşahidəçi üzv olması məsələsinin gündəmdə olduğu vaxt bunu riskə atmaq istəməyib. Lakin Tiflisin məsələ ilə bağlı Bakını öncədən məlumatlandırdığı da istisna deyil. Bakının soyuqqanlı münasibəti bundan qaynaqlanır və Azərbaycan mövcud vəziyyətdə Gürcüstanın Aİ-yə üzvülüyünü riskə atmamasını anlayışla qarşılayıb”.

Turan Rzayev
Globalinfo.az