Bakıda ölümlə nəticələnən yol–nəqliyyat hadisəsinin təfərrüatları bilinib.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, qəzaya səbəb olan sürücü Bərdəyə toy mərasiminə gedirmiş. Avtomobildə onun oğlu və daha bir azyaşlı olub. Hadisə zamanı sürücü və uşaqlardan biri avtomobildən düşərək ərazidən bir qədər uzaqlaşıb, digəri uşaq isə nəqliyyat vasitəsində qalıb.
Həmin məqamda maşın işə düşüb və qarşıdakı qadını vuraraq ağaca sıxıb. Hadisə yerinə gələn market işçiləri qadını oradan çıxarıblar. Həkimlərin müdaxiləsinə rəğmən onun həyatını xilas etmək mümkün olmayıb.
Qadının ailənin yeganə qızı olduğu bildirilir. Məlumata görə, ölüm xəbərini eşidən anasının ürəyi dayanıb.
Qeyd edək ki, hadisə aprelin 3-də Xətai rayonunun Mingəçevir küçəsində qeydə alınıb. Övladını məktəbə aparan qadın qayıdan zaman faciəvi şəkildə ölüb.
Hadisəyə səbəb yol kənarında dayanmış “Lada 015” markalı avtomobilin əyləcinin açılması olub.
Ləman İmran
Globalinfo.az