kulek

Bakıda iki gündür müşahidə olunan güclü külək temperaturun enməsinə səbəb olub. Əksəriyyət hazırkı duruma görə narahatlığını dilə gətirir. 

Güclü küləyin səbəbi nədir? Bu, hansı iqlim prosesindən qaynaqlanır?

Globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, əsas səbəb atmosfer təzyiqi fərqinin kəskin artmasıdır:

“Hazırda Azərbaycanın şimal və şimal-qərb istiqamətindən ölkə ərazisinə daha sərin hava kütləsi daxil olur. Cənub və cənub-şərq istiqamətlərində isə hələ də isti hava hökm sürür. Bu iki fərqli hava kütləsinin toqquşması nəticəsində güclü şimal-qərb küləyi yaranır. Azərbaycanda bu külək adətən “xəzri” adlandırılır. Xəzrinin güclü əsməsi bəzi ərazilərdə tozlu hava şəraiti də yaradıb ki, bu da əhali arasında müəyyən narahatlığa səbəb olub. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu sinoptik proses iyulun 27-dən başlayıb və bir neçə gün davam edəcək. Eyni zamanda, havanın temperaturunda da 5 dərəcəyədək enmə müşahidə olunur. Bu hal qeyri-adi deyil. Yay mövsümündə belə atmosfer prosesləri tez-tez baş verir. Uzun müddət davam edən isti hava şəraitindən sonra şimal enliklərindən və Qafqaz istiqamətindən daha sərin hava kütlələri cənuba doğru hərəkət edir. Bu hava Xəzər dənizinin üzərindən keçərkən açıq su səthi səbəbindən sürətini daha da artırır və nəticədə Bakıda xəzri küləyi güclənir”.

cemsid e1756933024190

Ekoloq bildirib ki, Bakının coğrafi mövqeyi də bu prosesi daha qabarıq şəkildə hiss etdirir:

“Abşeron yarımadası şimaldan gələn hava axınları üçün açıq olduğundan burada atmosfer təzyiqi fərqi daha aydın hiss olunur və küləyin sürəti ölkənin bir çox digər bölgələri ilə müqayisədə daha yüksək olur. Elə buna görə də Bakı təsadüfi olaraq “küləklər şəhəri” adlandırılmır. Hazırda müşahidə etdiyimiz sərin hava və güclü külək payızın və ya qışın başlaması demək deyil. Bu, yay mövsümündə atmosfer təzyiqinin dəyişməsi və şimaldan gələn sərin hava kütləsinin isti hava ilə qarşılaşması nəticəsində yaranan müvəqqəti sinoptik prosesdir. Adətən belə proseslər başa çatdıqdan sonra hava yenidən istiləşir və temperatur əvvəlki yüksək göstəricilərinə qayıda bilir. Yəni bu, yay mövsümü üçün xarakterik olan təbii atmosfer hadisələrindən biridir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: