Bakıda sexdə güclü yanğın: ölənlərin sayı artdı, meyitləri ailələrinə təhvil verilir – CANLI

Bakıda sexdə güclü yanğın: ölənlərin sayı artdı, meyitləri ailələrinə təhvil verilir - CANLI

Binəqədi rayonunda mebel sexində baş verən partlayışda həyatını itirənlərin meyiti ailələrinə təhvil verilməyə başlayıb.

Globalinfo.az xəbər verir ki, hadisə zamanı həlak olanların meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsinə gətirilir. Onlardan birinin nəşi artıq ailəsinə təhvil verilib.

Ətraflı Baku TV-nin süjetində:

***

Bakıda partlayışda iki nəfər dağıntılar altında qalıb.

Globalinfo.az Qafqazinfo-ya istinadən xəbər verirki, salonda dərzi işləyən Ülviyyə adlı qadının və Rəşad adlı sex müdirinin dağıntılar altında olduğu ehtimal edilir.

Hazırda onların axtarışları davam etdirilir.

***

Bakının Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayışla bağlı hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 6 nəfərin meyiti dağıntılar altından aşkar olunaraq çıxarılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

***17:10

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Globalinfo.az xəbər verir ki, bunu Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəis müavini, Kriminalstika şöbəsinin rəisi Orxan Rzayev deyib.

Onun sözlərinə görə, dağıntılar altından 5 nəfərin meyiti çıxarılıb.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

***15:41

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın tam söndürülüb.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

***14:56

Bakıda mebel sexindəki partlayışda 3 nəfər ölüb, 24 nəfər xəsarət alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, yanvarın 15-də paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində partlayış baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub.

Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb.

Hadisə yerinə xüsusi texniki vasitələr və canlı qüvvə cəlb edilməklə yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin araşdırmalar zamanı dağıntılar altından 3 nəfərin meyiti aşkar olunub.

Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlardan 6 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin müalicəsi xəstəxanada davam etdirilir. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir.

Faktla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub.

Partlayışın səbəbinin, dəymiş ziyanın həcminin,  iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin edilib.

Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İctimaiyyətin mütəmadi məlumatlandırılması təmin ediləcək.

***14:38

Bakıda sexdəki partlayış-yanğında 24 nəfər xəsarət alıb.

Bu barədə Globalinfo.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki. Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 19 təcili yardım briqadası hadisə yerinə cəlb olunub.

Xəsarət alanlardan 1 nəfərə yerində ilk tibbi yardım göstərilib. 23 nəfər isə tibb müəssisələrinə hospitalizasiya olunub.

Baş verən yanğın hadisəsində xəsarət alan 10 nəfər Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Xəstələr müştərək politravma, bədənin çoxsaylı yanıqları və sınıqları diaqnozları ilə xəstəxanaya yerləşdirilib.

14 nəfər isə müxtəlif yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.

Hazırda xəsarət alanların hər birinə zəruri tibbi xidmətin göstərilməsi davam etdirilir.

Əlavə məlumat veriləcək.

***14:26

Bakı şəhəri Binəqədi rayonunda sexdə baş vermiş partlayış-yanğınla bağlı əraziyə FHN-in Kinoloji xidmətinin 3 baş iti cəlb edilib.

Globalinfo.az xəbər verir ki, dağıntılar altında qalanların olması ehtimal olunur.

***13:50

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın məhdudlaşdırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib.

Hazırda yanğının tam söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***13:40

Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə partlayış-yanğın hadisəsinin nəticələrinin aradan qaldırılması ilə əlaqədar zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

X X X

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Bakının Binəqədi rayonunda sexdə partlayış-yanğın baş verən əraziyə gəlib.

Globalinfo.az bildirir ki, bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verir.

***13:14

Bakıda sexdə partlayış-yanğın nəticəsində iki nəfər ölüb.

Globalinfo.az xəbər verir ki, xeyli sayda xəsarət alan olduğu bildirilir.

X X X

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə baş verən partlayışla bağlı hazırda Baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerindədirlər.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

***13:04

Xəbər verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə baş vermiş partlayış-yanğın hadisəsi ilə əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***12:56

Bakıda sexdə partlayış nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Globalinfo.az bildirir ki, bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verir.

***12:36

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə partlayış olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub.

Globalinfo.az-ın xəbərinə görə, TƏBİB-dən bildirilib ki, 15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub.

***12:23

Mebel sexində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib.

DİN-in mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

***12:08

Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın başlayıb.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Bakıda sexdə güclü yanğın: ölənlərin sayı artdı, meyitləri ailələrinə təhvil verilir - CANLI Bakıda sexdə güclü yanğın: ölənlərin sayı artdı, meyitləri ailələrinə təhvil verilir - CANLI Bakıda sexdə partlayış-yanğın olub, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB-3 - FOTO - VİDEO

1315345131534713153481315349