Bakıda dəhşətli qəza törədən “Porsche” sürücüsü həbs edildi

Bu il iyunun 13-də saat 23 radələrində Yasamal rayonunun M.Xiyabani küçəsində (Ətçilər adlanan ərazi) idarə etdiyi “Porsche Cayenne” markalı avtomobillə yolu keçən paytaxt sakini Ayxan Səlimovu vurub öldürən 2003-cü il təvəllüdlü Çingiz Əkrəm oğlu Ağazadəyə hökm oxunub.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, onun barəsində AR Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə açılmış iş üzrə Yasamal rayon Məhkəməsində keçirilən proses başa çatıb.

Məhkəmədə məlum olub ki, gecə saatlarında piyada keçidinin üzərində 2005-ci il təvəllüdlü Ayxanı vurub öldürən Çingiz Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir.

Avtomobil isə onun anası Kəmalə Ağazadənin adına olub.

Qeyd edilib ki, hadisədən bir neçə ay əvvəl Ayxanın anası vəfat edib, onun atası isə hərbçidir.

Çingiz Ağazadə bildirib ki, qarşı tərəflə dəfələrlə barışmağa cəhd etsə də, onlar onu bağışlamayıb. O, hadisə zamanı Ayxanı qəfil gördüyünü və əyləci bassa da, qəzadan yayına bilmədiyini deyib.

Mərhumun hüquqi varisi olan və Türkiyədə təhsil alan böyük qardaşı isə məhkəməyə məktub göndərərək sürücünü bağışlamadıqlarını, onun cəzalandırılmasını istədiklərini deyib.

Yasamal rayon Məhkəməsinin hökmü ilə Ç.Ağazadəyə 5 il 1 ay müddətinə həbs cəzası verilib. O, məhkəmə zalındaca həbs edilib. Həmçinin cəza müddəti başa çatdıqdan sonra ona 2 il 6 ay müddətinə nəqliyyat vasitəsi idarə etmək qadağan edilib.

Globalinfo.az