qeza

Paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsində baş vermiş dəhşətli qəzaya yol işarələnməsinin səbəb olduğu deyilir. Bildirilir ki, yollarda bu işlər gecə vaxtı xüsusi işıqlandırma ilə aparılır və nəticədə sürücülər görmə problemi yaşayır.

Qəzaya düşən şəxslər bu hadisəyə görə yolda işlər aparan qurumu məhkəməyə verə bilərmi?

Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov deyib ki, təmir-tikinti zamanı sürücülərin təhlükəsiz hərəkətinin təmin olunması zəruridir:

“Bu məqsədlə müvafiq xəbərdaredici nişanlar, işıqlandırma vasitələri, istiqamətləndirici maneələr və digər təhlükəsizlik tədbirləri tətbiq edilməlidir. Bu tədbirlərin görülməsinə görə məsuliyyət isə birbaşa təmir-tikinti işlərini həyata keçirən tərəfin üzərinə düşür. Həmin tərəf dövlət qurumu, hüquqi şəxs və ya fiziki şəxs ola bilər. Əgər yol-nəqliyyat hadisəsinin əsas səbəbi təmir işləri zamanı istifadə olunan işıqlandırmanın sürücünün gözünü qamaşdırması və bunun nəticəsində idarəetmənin itirilməsi olubsa, bu hal hüquq-mühafizə orqanlarının araşdırması ilə təsdiqlənməlidir”.

ramil suleymanov 900x600 1

Ramil Süleymanov

R.Süleymanov qeyd edib ki, qəzanın məhz həmin amildən qaynaqlandığı müəyyən olunsa, məsuliyyət məsələsi hüquqi müstəviyə keçir:

“Belə olan halda, zərərçəkmiş vətəndaş ona vurulmuş maddi və ya mənəvi ziyanın birbaşa təmir-tikinti işlərində yol verilmiş təhlükəsizlik pozuntularından qaynaqlandığını əsas gətirərək məhkəməyə müraciət edə bilər. Məhkəmə qaydasında həm avtomobilə dəymiş zərərin, həm də digər mümkün xərclərin qarşı tərəfdən tələb olunması hüquqi baxımdan mümkündür”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: