Bakı Xankəndidə geri dönüşü olmayan yola girib – Abramyan

Bakı Xankəndidə geri dönüşü olmayan yola girib – Abramyan

Azərbaycan çalışır ki, Xocalıdakı danışıqlarla prosesə yeni dərinlik qatsın.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar Partiyasından olan deputat Tiqran Abramyan deyib.

“Bakı bildirir ki, bu görüş sayəsində qarşısına Qarabağın Azərbaycana inteqrasiyası məqsədini qoyub, Xankəndidə isə bu görüşün texniki və humanitar xarakter daşıdığını deyirlər. Burada bəyanatlar yox, prosesin məzmunu və nəticələri vacibdir. Azərbaycan süni problemlər yaradıb, sonra onun həllini təklif edərək geniş, daimi əlaqə və qarabağlılarla əməkdaşlıq meydanı formalaşdırır. Bu isə inteqrasiyanın təmini üçün əsas addımlardan biridir. Şərti olaraq götürək ki, Qarabağda qərarı qəbul edənlər yalnız mövcud problemlərin öhdəsindən gəlməyi düşünürlər, amma fakt odur ki, Azərbaycanın seçdiyi taktika geri dönülməsi mümkün olmayan nöqtədir. Proses bu gün rəsmi Bakının irəli sürdüyü gündəm və qaydalarla aparılır”, – o bildirib.

Abramyan həmçinin separatçıları təmsil edən “nümayəndə heyətinin rəhbəri” Samvel Şahramanyanın danışıqlarla bağlı böyük təcrübəsinin olmadığını söyləyib.

İlkin Həsənov
Globalinfo.az